Rusiyada orta məktəb tarix dərsliyində Azərbaycanla bağlı səhv aradan qaldırılıb.

Bu barədə  Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə Moskva şəhəri “Drofa” nəşriyyatında çap olunan və L. M. Lyaşenko, O. V. Volobuyev, Y. V. Simonovanın müəllifi olduğu “История России. XIX – начало ХХ века” 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, “Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçməsi qeyd edilir.

2020-ci ildə Moskva şəhəri “Maarif” nəşriyyatında çap olunan və N. M. Arsentyev, A. A. Danilov, A. A. Levandovski, A. Y. Tokarevanın müəllifi olduğu “История России 9. Часть 1” 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsinə görə “Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçmişdilər.

Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində “Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün Səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb. Rusiya Federasiyası Maarif Nazirliyindən Səfirliyə daxil olmuş rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən və 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən “Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur. Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, “История России. XIX – начало ХХ века” 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və “Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb. 

Dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb. Eyni zamanda, “История России 9. Часть 1” 9-cu sinif dərsliyində “Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna edilməsi üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi qeyd olunub.

 

.