Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) yanvarın 15-də səlahiyyətli orqanlar tərəfindən Böyük Britaniya səfirliyinin diplomatik əməkdaşlarından birinin bu ölkənin xüsusi xidmət orqanlarına mənsub olması ilə bağlı əldə edilən məlumatlar səbəbilə səfirliyin müvəqqəti işlər vəkili Deyni Dolakianı XİN-ə çağırıb.

Bu barədə nazirliyin açıqlamasında qeyd edilib.

Məlumata görə, diplomata qəti etiraz bildirilib.

"Deyni Dolakiaya bildirilib ki, bu nəzərə alınaraq, həmçinin 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, bu şəxsin akkreditasiyası ləğv olunur. Bu şəxs, iki həftə ərzində Rusiyanı tərk etməlidir. Moskva Rusiya ərazisində bəyan edilməmiş Britaniya xüsusi xidmət əməkdaşlarının fəaliyyətinə yol verməyəcək ", - məlumatda bildirilib.

Eyni zamanda xəbərdarlıq edilib ki, Londonun vəziyyəti gərginləşdirəcəyi təqdirdə Rusiya tərəfi qəti cavab verəcək.

.