Rusiya Azərbaycan, İran və Qazaxıstana gəmiçilik və dəniz iqtisadi obyektlərinin təhlükəsizliyini təmin etmək üçün 2026-cı ildə Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Sankt-Peterburqda Rusiya, Azərbaycan, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin komandanları arasında görüş və danışıqlar olub. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinə Donanmanın Baş komandanı admiral Aleksandr Moiseyev rəhbərlik edib.

“Rusiya tərəfi görüş iştirakçılarına təklif edib ki, 2026-cı ildə Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin gəmiçilik və dəniz iqtisadi obyektlərinin təhlükəsizliyinin praktiki həyata keçirilməsinə yönəlmiş çoxtərəfli hərbi dəniz təlimi keçirilsin. Təlimdə həmçinin Xəzər dənizində axtarış-xilasetmə əməliyyatlarında əməkdaşlığın praktikası da nəzərdə tutulub”, - Rusiya MN-nin məlumatunda bildirilib.

O da qeyd olunub ki, danışıqlar zamanı Rusiya tərəfi Xəzər dənizində hərbi-dəniz sahəsində beştərəfli anlaşma və əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıq görülməsi ilə bağlı dəniz ekspert qruplarının işini bərpa etməyi təklif edib.

.