
ABŞ dövlət katibi Marko Rubio Suriyanın həftələr ərzində vətəndaş müharibəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Rubio bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə deyib.
Onun sözlərinə görə, hazırkı Suriya hökuməti cəmi bir neçə həftə ərzində süqutla üzləşə bilər ki, bu da ölkənin parçalanmasına gətirib çıxara bilər:
“Əslində, bizim qiymətləndirməmizə görə, keçid hökuməti üzləşdiyi çətinlikləri nəzərə alaraq, potensial çöküşdən və genişmiqyaslı vətəndaş müharibəsindən bəlkə də bir neçə həftə, bir neçə ay uzaqdadır”.
ABŞ dövlət katibi İranla nüvə danışıqlarının davam etdiriləcəyinə ümidlidir
ABŞ dövlət katibi Marko Rubio İran İslam Respublikası ilə nüvə danışıqlarının davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Rubio bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə deyib.
Rubio deyib ki, o, danışıqların pozulmasının daha pis olacağına inanır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar lazım gələrsə, bunu etməyə hazırdır.
Rubio vurğulayıb ki, Vaşinqtonun məqsədi İslam Respublikası ilə razılığa gəlməkdir.
“Prezident Tramp çox açıq şəkildə bildirib ki, İran heç vaxt nüvə silahı əldə etməməlidir, bu baş verməyəcək”, - o əlavə edib.
Dövlət katibi bildirib ki, ABŞ bu diplomatik proseslə məşğul olaraq qalır.
Rubio vurğulayıb ki, bu məqsədə çatmaq asan olmayacaq, amma bu, bizim məşğul olduğumuz prosesdir.
Tramp Putinə heç bir güzəşt etməyib
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya Prezidenti Vladimir Putinə heç bir güzəştə getməyib.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatın Respublikaçılar administrasiyasının Ukrayna ilə bağlı siyasətini tənqid etməsinə cavab olaraq bildirib.
İclasda iştirak edən senatorlardan biri deyib ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlar başlamazdan əvvəl Rusiyaya təzyiq rıçaqı əldə etməyə imkan verib. Rubio isə bu fikirlə razılaşmayıb.
“Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə tətbiq edilən bütün sanksiyalar qüvvədə qalır. Təzyiq riçaqlarından imtina fikri... bu gün də bizdə əvvəlki administrasiya dövründə olduğu kimi eyni rıçaqlar var... O (Vladimir Putin - red.) heç bir güzəştə nail olmayıb”, - ABŞ Dövlət katibi vurğulayıb.
ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
ABŞ administrasiyası Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni hərbi yardım paketlərinin formalaşdırılması ehtimalı ilə bağlı qərar yoxdur.
Bu barədə ABŞ Dövlət katibi, müvəqqəti olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.
“Bu proqram (Kiyevə silah göndərilməsi ilə bağlı – red.) ləğv edilməyib. Onlar silah almağa davam edirlər”, - o, ABŞ Konqresinin Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
Rubio vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin hərbi həlli yoxdur və münaqişə danışıqlar yolu ilə həll edilməlidir.
Vaşinqton administrasiyasının Ukraynaya növbəti silah paketi üçün Konqresdən vəsait istəməyə hazır olub-olmadığı barədə suala cavab verərkən Dövlət katibi qeyd edib ki, bu, başqa qərar, başqa məsələdir. “Buna mən qərar vermirəm. Əlavə maliyyələşmə ilə bağlı Konqresə müraciət edilib-edilməməsinə Ağ Ev qərar verməlidir. Lakin Konqresin təsdiq etdiyi və ayırdığı hər şey göndərilməkdə davam edir”, - o bildirib.
.