Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu ardıcıl beşinci dəfə penaltilər seriyasından məğlub ayrılıb.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu mayın 31-də Səudiyyə Ərəbistanı Kral Kuboku uğrunda "Əl-Hilal" komandasına qarşı oyunun penaltilar seriyasında növbəti uğursuzluğunu yaşayıb.

Ronaldu mövsümü kuboksuz başa vurmaqla yanaşı, həm də penaltilər seriyasında 5-ci dəfə məyus olub.

Onun komandası bundan əvvəl Asiya Çempionlar Liqasının 1/4 finalında "Əl-Əyn"lə görüşdə penaltilər seriyasında uduzub. Baxmayaraq ki, bu görüşdə portuqaliyalı hücumçu penaltini dəqiq yerinə yetirib.

O, İngiltərə və İtaliyada da eyni uğursuzluqları yaşayıb. "Mançester Yunayted"də çıxış edərkən İngiltərə Kubokunun 1/16 finalında "Midlsbro" ilə görüşün penaltilər seriyasında fərqlənməsinə baxmayaraq, onun komandası mübarizəni dayandırıb.

"Yuventus"da forma geyinərkən isə İtaliya Kubokunda "Napoli"yə qarşı oyunda ona penalti vurmaq növbəsi çatmayıb. Hücumçu Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliya millisinin Çili ilə qarşılaşamasında da eyni halla üzləşib. Ronalduya penalti vurmaq müyəssər olmayıb, həmçinin komandası penaltilər seriyasında uduzub.

Ümumilikdə Ronaldu karyerası ərzində iştirak etdiyi penalti seriyalarından 7 qələbə, 8 məğlubiyyətlə ayrılıb.

.