Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ukraynada yaşayan azərbaycanlıları Kiyevdə qarşıdurmaların baş verdiyi yerlərdən uzaq durmağa çağırıb.
Məmmədyarov bu barədə Gəncədə, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin toplantısı zamanı yenizaman.az saytının əməkdaşına verdiyi açıqlamada deyib.
"Biz Kiyevdə olan və Ukrayna paytaxtına getməyə hazırlaşan bütün Azərbaycan vətəndaşlarına israrla tövsiyə edirik ki, fəal etiraz aksiyalarının keçirildiyi və qarşıdurmaların yaşandığı yerlərdən uzaq dursunlar. Həmçinin xüsusi zərurət olmadan şəhərin mərkəzinə, insanların kütləvi toplaşdığı yerlərə getməsinlər və diqqətli olsunlar” deyə nazir bildirib. Məmmədyarov bir daha qeyd edib ki, Azərbaycan Ukraynadakı münaqişə tərəflərini danışıqlar masası arxasına və böhrandan tezliklə həll yolu tapmağa çağırır.
.
