Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

E.Məmmədov 1987-ci ildə anadan olub, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. O, 2011-2013-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Ş.Babayev 1988-ci ildə anadan olub, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. O, əmək fəaliyyətinə 2011-ci ildə "Sumqayıt Texnologiyalar Parkı" MMC-də başlayıb. 2012-ci ildən "Azərkosmos"da çalışıb, 2021-ci ilə qədər qurumun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

.