Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

İclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.

Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

May ayının son ongünlüyü içində (20-30 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.

Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dövlət başçısına müraciət edilməsinə dair qərar qəbul olunub.

Rasim Balayev: “AKİ yeni yaradılan Kino Agentliyi ilə daimi əlaqədə olacaq”

“Elə şeylər, elə addımlar var ki, orada fərdilik yox, kollektiv iş olmalıdır”.

Bu sözləri Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, yeni yaradılan Kino Agentliyi ilə müştərək iş görmək vacibdir: "Bilirsiniz, kino ittifaqının işi kino çəkməkdir. Yerdə qalan digər məsələlərlə, məsələn, maliyyə və digər məsələlərlə bir başqa kino qurumları məşğul olmalıdır. Cənab Prezidentin Kino Agentliyinin yaradılması ilə bağlı verdiyi sərəncam da bu yöndədir. Mən ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) yeni yaradılan Kino Agentliyi ilə daimi əlaqədə olacaqdır. Çünki agentliyə təcrübəli, işini bilən, kinodan başı çıxan adamların dəstəyi lazımdır. Bizim qurum da təcrübəli üzv və idarə heyəti ilə Agentliyə mümkün dəstəyi verəcək".

Xalq artisti ittifaqların birləşməsi məsələsinə də toxunub: "Mən demişəm, yenə də təkrar edirəm: bir ölkədə, xüsusən Azərbaycan boyda bir ölkədə iki ayrı kino ittifaqının olması düzgün deyil. Bu yalnız kinonun inkişafına mane olur, ləngidir. Mən ittifaqların birləşə biləcəyi təşəbbüsünü irəli sürmüşəm, indi necə olacaq, onu zaman göstərəcək", - o deyib.

.