“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayır, bunu Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir”.

Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə keçirilən “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutuna və TRIPP təşəbbüsünə investisiyalar” adlı yüksək səviyyəli tədbirdə çıxışında deyib.

O bildirib ki, bölgədə sülh və əlaqələrin gücləndirilməsi iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

XİN rəsmisi, həmçinin Orta Dəhliz və TRIPP təşəbbüsünün əhəmiyyətindən danışaraq qeyd edib ki, onların inkişafı regional əlaqələrin gücləndirilməsinə, ticarət və tranzit imkanlarının genişləndirilməsinə, eləcə də yeni sərmayələrin cəlb edilməsinə töhfə verəcək.

Laşa Darsaliya Gürcüstan tərəfindən Orta Dəhlizin inkişafı məqsədilə həyata keçirilən infrastruktur layihələrindən də söz açıb. O, bu kontekstdə Gürcüstanın dəniz nəqliyyatı əlaqələrini daha da gücləndirəcək və Orta Dəhlizin imkanlarının inkişafına töhfə verəcək Anakliya dərin dəniz limanının əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir müavini əlavə edib ki, Gürcüstan ABŞ-la yanaşı regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə regional əlaqələrin gücləndirilməsinə və yeni iqtisadi imkanların yaradılmasına töhfə verməyə hazırdır.

.