Kulis.Az yazıçı Şərif Ağayarla rejissor, Xalq artisti Ramiz Həsənoğlunun söhbətini təqdim edir.
- Sənətkarlar ailəsində doğulmusunuz. Ananız Ətayə Əliyeva əməkdar artist, atanız Həsənağa Mirzəyev əməkdar mədəniyyət işçisi idi…
- Atam aktyor kimi başlayıb işə. Bir neçə teatrda bir yerdə işləyiblər, sonra evləniblər. 48-ci ildə köçüb gəldik Gəncəyə, sonra da Bakıya...
- Mədəni cameəmizdə belə bir ifadə var: dədəlilər... Bu sözü sizə də aid etmək olar?
- Məncə, olmaz. Atamın, eyni zamanda anamın sənət seçimimdə rolu yalnız istiqamətləndirməkdən ibarət olub. Yönəldiblər məni. Desən ki, mənə görə gedib kimdənsə nəsə xahiş ediblər, bu, olmayıb.
- Bildiyiniz kimi, dədəlilər ifadəsi mənfi mənada da işlənir. Ümumiyyətlə, necə baxırsınız, şairin oğlunun şair, aktyorun oğlunun aktyor olmasına...
- Bu tale işidir. Burda əsas istedaddır, ortada olan əsərdir. Hər şeyi görülən işlə ölçmək lazımdır. Mənə qalsa, bu yolu seçməyim çox təbii idi. Bizim evdə mədəni mühit vardı. Aktyorların əhatəsində idim, teatrlarda olurdum. Bu mənada həyat yolumu seçməyim təsadüfi deyil. Mən, belə demək mümkünsə, bu sənətə yiyələnəndən sonra, anamla aramda maraqlı dialoqlar olurdu. Tamaşalarla bağlı, aktyorlarla bağlı, hansı aktyorlarla işləməklə bağlı...
- Bir az da konkretləşdirsək, nə öyrənmisiniz ondan?
- Əsas odur ki, mənim gözümün önündə bir səhnə insanı vardı. Özünə qarşı çox tələbkar olan səhnə insanı... İşi o qədər çox idi ki, evə gələndə addım səslərinə sevinirdik. Anamın özünə qarşı amansızcasına tələbkarlığı mənə də keçib. Hətta, bəzən bu, xəstəlik həddinə çatır.
- Əsl sənət adamlarında öz ailəsinə, sevdiklərinə qarşı bir amansızlıq hiss eləmişəm. Axıracan onların ola bilmirlər, yaxud bunu heç istəmirlər.
- Sənətlə məşğul olan adam birinci növbədə özünə qarşı amansız olur. O, sənətdən aldığı imtiyazlarla yox, ondan aldığı zövqlə yaşayır.
- Şəxsən mən, bax siz deyən bu zövqü qoyub kiminsə xoşuna gəlməyə çalışan sənət adamlarını başa düşə bilmirəm.
- Təbii, birinci bilməlisən ki, sən kimsən. Mən "kimsən” deyəndə məxsus olduğun milləti, daşıdığın dini, yaşadığın coğrafiyanı nəzərdə tuturam. Sənət ömrümün əvvəlində bunları heç düşünməmişəm. Tədricən, sənətə yiyələndikcə, əhatə dairən genişləndikcə sən dünyaya daha geniş prizmadan baxırsan və özünü tanımağın asanlaşır. Sənətdə məqsədlərini dəqiq bilməyən adamın uğurlarının ömrü uzun olmur. Məqsədlərin ardıcıllığında kim olduğunu başa düşürsən. Mənim bir dostum var, siz də tanıyarsınız... Aydın Talıbzadə...
- Əlbəttə. Maraqlı bir romanı da çıxıb, oxumuşam: "Əbuhüb”.
- Çox gözəl. Bəyəndiniz romanı?
- Bəyəndim.
- Mən də çox bəyəndim. Mənim haqqımda bir ifadə işlətmişdi: neomaarifçi. Maraqlıdır. 21-ci əsrdə, informasiyanın bu qədər inkişaf elədiyi bir dövrdə, maarifçi.
- Siz maarifçiliyi efirdə elədiniz. Əsrin əvvəlindəki maarifçilərin əlində bu imkan yox idi. Məncə, məsələnin mahiyyəti də burda, yəni Aydın müəllimin işlətdiyi ifadənin "neo” hissəsindədir.
- Ramiz Rövşən deyir, informasiya çoxaldıqca, heyvərəlik də çoxalır (gülür). Mən elə aktiv olmasam da sosial şəbəkələrdə hərdən müşahidə aparıram. Adamın bir cümləsi onun haqqında bir kitablıq məlumat verir. Hətta bəzən bir laykı...
- İmam Əli deyirdi, danış, səni görüm...
- Əla ifadədir. Tamamilə doğrudur.
- Serbiyalı həmkarınız Əmir Kusturiça isə sosial şəbəkələrdən istifadə eləməməyinin səbəblərindən danışarkən deyib ki, burda adamların içini görür və onu asanlıqla yönəldə bilirlər.
- Bu da çox dəqiq deyilmiş fikirdir. Kimdir müəllifi?
- Emir Kusturiça... Serb rejissoru... "Andeqraund” filminin müəllifi...
- Hə... Kusturitsa... Sən bir az fərqli tələffüz elədin.
- Mən türklər kimi dedim. Onlar slavyan dillərindəki "ts” səsini ingilislərdən "ç” kimi götürüblər. Tələffüz eləmək demişkən, məşhur avropalı rejissor Yaponiyanın hansısa əyalətində Kurosavadan danışır, heç kim tanımır. Sonra mərkəzi şəhərlərin birində toplantıya qatılır, bu məsələni xatırladıb şikayətlənəndə Kurosavanı burda da tanıyan olmur. Sonra aydınlaşdırırlar ki, avropalı rejissor Kurosavanın adını düzgün tələffüz eləmir...
- Aha. Belə qəribə hadisələr olur. Bu söhbət Bandarçukla Fellininin görüşünü yadıma saldı. Romada gəzərkən küçədə Fellininin hansısa filminin afişasına rast gəlirlər, kinoteatra gedib baxmaq istəyəndə görürlər zalda heç kim yoxdur. Bandarçuk dəhşətə gəlir. Deyir, Fellini, hanı sənin tamaşaçıların? Fellini cavabı belə olur: mənim tamaşaçılarım ölüb!
- İlk baxışdan əlaqəsi olmasa da mən də bir maraqlı fakt deyim: Tarkovskinin "İvanın uşaqlığı” filminin prezentasiyasında Sartr iştirak edib. O vaxt təsadüfən Moskvada imiş... Zal boş da ola bilir, orda Sartr kimi adam da otura bilir...
- Elədir. Tarkovskinin "Ayna” filminin təqdimatına Bakıdan üç nəfər getmişdik: mən, Nicat Feyzullayev, bir də Elxan Qasımov. Nicatı tanıyırdınız?
- Əlbəttə. "Küçələrə su səpmişəm” filminə də baxmışam.
- Həəə... Bu yaxınlarda rəhmətə getdi. "Ayna” bildiyiniz kimi avanqard filmdir. Bizim də o vaxtı yaşımızın elə dövrü idi ki, avanqard nə olsa izləyirdik, qəbul edirdik. O vaxt belə filmləri ikinci dərəcəli kinoteatrlarda göstərirdilər, əsas kinoteatrlara qoymurdular. "Ayna” bizi şoka saldı. Amma filmi bütövlükdə anlamadım. Mənə elə gəldi ki, ədabazlıq edib. Hamımız sakitcə baxırıq, hamımız susmuşuq. Axırda mən dözmədim, Nicata nəsə demək üçün çevriləndə o, əlini ağzına aparıb mənə "sus” işarəsi verdi.
- Filmin harmoniyasına düşübmüş...
- Nicat çox maraqlı insan idi... O da sənətkar ailəsində doğulmuşdu... Tarkovskinin bir fikri var, deyir, filmdə söz yox, səs olur. Məncə, bu fikir onu rejissor kimi anlamaqda tamaşaçıya xeyli kömək edər.
- Sizə deyim, mən necə arada sevdiyim şeirləri zikr kimi öz-özümə təkrar edirəm, "Ayna” filmini internetdə açıb, qadının yollara tamaşa eləməsi səhnəsinə bir neçə dəqiqə baxır və bağlayıram. Buna daxili ehtiyac hiss edirəm.
- Bu, düşünən adamların, bir yerdə durmaq istəməyən insanların hamısında var. Məndə də olur.
- Tərcümeyi-halınız üç böyük Azərbaycan şəhəri ilə sıx bağlıdır: İrəvan – doğulduğunuz yer, Gəncə - böyüdüyünüz yer, Bakı – yaşadığınız yer. Bir Təbriz qalır.
- Təbriz də böyük arzumdur. Mənim yaradıcılığımı gözdən keçirsəniz, eyni coğrafiyanı orda da görəcəksiniz. "Günahsız Abdulla”dan başqa azərbaycanlı olmayan müəllifə müraciət eləməmişəm.
- "Günahsız Abdulla”nı da milliləşdirdiniz... Özümüzünkü bilirik...
- Hə, onun azərbaycanlı taleyi var.
- Məncə, Mikayıl Mirzəni sevdirən o rol oldu və sonralar Mikayıl Mirzənin qəbul olunmayan bəzi xüsusiyyətlərini də Günahsız Abdullaya bağışladılar.
- Bəlkə də. Mikayıl Mirzənin dəfnində iştirak edə bilmədim, Naxçıvanda çəkilişdə idim, qayıdanda getdim. Üç mərasimi idi səhv eləmirəmsə. Mən gedəndə ehsan verilirdi, qıraqda dayandım ki, camaat rahatca çörəyini yesin, sonra mağara keçim. Televiziyalar görüb yaxınlaşdılar və məni danışdırdılar. Böyük itki olduğunu söylədim, eyni zamanda dedim ki, arzum budur, Azərbaycanda bir dövr gəlsin, həqiqi istedadı olan insanlar sağa-sola baxmasınlar. Öz sənətinin işığı ilə getsinlər və o işıqla yaşasınlar. Təəssüf ki, sinəsindən od püskürən Mikayıl Mirzə sənət səhnəsində az göründü.
- Günahsız Abdullanı onda necə kəşf elədiniz?
- Onun elə enerjisinə vuruldum.
- Demək, sizcə, günahsız adam mənən güclü və enerjili olur.
- Elədir.
- Amma Mikayıl Mirzə haqsız olanda da elə danışa bilirdi.
- Bu, onun aktyor təbiətindən irəli gəlirdi, yəqin ki.
- Gəlin belə bir eksperiment edək: İrəvan, Gəncə və Bakı... Bu şəhərləri hansı rənglərlə xarakterizə edərdiniz?
- İrəvandan iki yaşında çıxmışam və sonralar heç vaxt gedə bilməmişəm.
- Bəlkə həm məlum hadisələrə görə, həm də xatırlaya bilmədiyinizə görə qaranlıq hesab edək... Yəni qara rəng...
- Yox, qara deyil... Bilirəm ki, Gəncə mənim üçün mavi rəngdədir.
- Mavi rəng bayrağımızda da var və Gəncə ilk cümhuriyyətin paytaxtı olub. Gəncədə həm də göy yerə Bakıdakından daha yaxındır. Yaxındır və təmizdir. Yəni, mavisi çoxdur.
- Doğrudan da elədir. Bunu heç düşünməmişdim (gülür). Gəncə mavi rəngdədir, İrəvan sarı... Bilmirəm niyə.
- Sarı kədər, hüzn, ayrılıq rəmzidir.
- Elədir...
- İcazə verin Bakının rəngini sizin yerinizə mən deyim: qırmızı!
- Tamamilə doğrudur.
- İnqilablar, azadlıq, müasirlik və s.
- Bəli. Çox təəssüf edirəm ki, mən Yerevanı bayrağımızın üçüncü rənginə oxşada bilmirəm.
- İndi o ərazilərin bizdə olmamağına görədir, yəqin.
- Ola bilər. İrəvanla bağlı həmişə kədər var içimdə.
- Yaradıcı avtobioqrafiyanızı yada salıram: "Fatehlərin divanı”, "Topal Teymur”, "Ordan-burdan”, "Nigarançılıq”, "Qatarda”, "Ac həriflər”, "Günahsız Abdulla”, "Yollar görüşəndə” və s. Adama elə gəlir, biri-birindən gözəl bu ekran əsərlərini avtobioqrafiyanıza sifarişlə daxil ediblər... Zəngin görünsün deyə...
- Mən bunu kompliment kimi qəbul eləmirəm. Mən bunu zamanın hökmü kimi qəbul edirəm. Xoşbəxtlikdən zaman məni seçdi. Sizə deyim, o vaxt elə güclü pul da yox idi. Senzura da bir yandan... Yalnız həvəs vardı. Yüksək həvəs və sənət yanğısı.
- Yaşar Nuri olmasaydı çox əziyyət çəkərdiniz?
- Yaşar təbiətin bir hadisəsi idi. Yaşar olmasaydı heç nə olmazdı demək də doğru deyil. Təəssüf ki, Yaşarı son dövrlər baş rollara dəvət edə bilmirdim. Sənətdən yayınmaq, hədəfi vura bilməməkdən söhbət gedir. Siz deyən vaxtlarda Yaşar formada idi və alınırdı hər şey.
- Aleks Varmerdamın "Ofisiant” filmi xatirinizdədir?
- Çox məşhur filmdir.
- Orda filmin qəhrəmanları ssenaristin evinə gəlib, başına gələnlərdən şikayətlənir. Hətta onunla dava edirlər...
- Neçənci ildə çəkilib? (Gülür).
- Sözü ora gətirirəm... Siz bu fənddən düz 28 il əvvəl "Yollar görüşəndə” teletamaşasında istifadə etmisiniz.
- Əsərin yazarı Ruhəngiz Qasımovun da zəhmətini nəzərə alın.
- Buna ədəbiyyatda müəllifin oyuna cəlb olunması deyirlər.
- Biz də o prinsiplə işləyirdik.
- Nəzəri əsaslarını bilirdiniz, yoxsa intuisiya ilə.
- İntuisiya ilə. Biz sadəcə yenilik eləməyə çalışırdıq. Çox şey dialoqlarda ortaya çıxırdı.
- Biləndə daha effektli olur.
- Bəzənsə, biləndə soyuq, quru, sxematik alınır.
- Başqa bir postmodern tendensiyadan da istifadə etmisiniz. "Ac həriflər”də öz boyunuzun hündürlüyünə çox ciddi ironiya etmisiniz. Ümumiyyətlə, boy kompleksiniz varmı?
- Var (gülür).
- Mən də uzunboyam. Bir dəfə yazmışdım ki, məğlub ölkənin ucaboy kişisi olmaq ağırdır.
- Nədir?
- Ağırdır.
- Hmm. Maraqlı fikirdir.
- Siz eqonuzu bu qədər yenməyə necə nail olmuşdunuz?
- Görünür, oxuduğum ədəbiyyatın, yaşadığım mühitin ciddi rolu vardı. Leninqradda təhsil aldığımdan rus ədəbiyyatını daha çox oxumuşam. Ümumiyyətlə, adam özünü çox ciddi qəbul etməməlidir.
- Elə bil "Sabah” studiyası missiyasını başa vurub, ciddi fəaliyyəti görünmür.
- Bunun günahını yalnız sənət adamında axtarmayaq. Sənəti idarə edənlər də var.
- Sizin ekran işlərinin janrını tapmaq da bir az çətindir... Misal üçün, "Nigarançılıq”ın...
- İndi bunları kino hesab edirlər.
- Polyak rejissoru Kieslovskinin işlərinə yaxındır bir az. Xüsusən, "Dekaloq” silsiləsinə. O da televiziya üçün çəkirdi.
- İzləməmişəm, deyə bilmərəm.
- "Dogvil”ə baxmısınız?
- Şübhəsiz. O film ilə bizim "Yollar görüşəndə” tamaşamızı şərtilik baxımından biri-birinə bənzətmişdilər. Amma bu şərtiliyin içində həm də bir az biclik var. Trier pulu az olduğu üçün elə bir film çəkib.
- Tamaşaçını nəticə maraqlandırır. Səbəb nə olur-olsun... Bizimkilər də kasıbdır...
- Sizinlə razıyam. Amma nəticəyəcən yollar var ki, bunu yalnız rejissor görür.
- Siz filmi beyninizdə görürsünüz, yoxsa bu barədə öz-özünüzə danışırsınız?
- Görməsən, çəkə bilmərəm. Filmi həyatın bir parçası kimi görməsən onu təsadüfün öhdəsinə vermiş olarsan.
- "Ac həriflər”də Yaşar Nuridən başqa bütünlüklə rejissorları çəkməyinizin altında incə zarafat yoxdur ki? Çəkə bilmirsiniz, gəlin, oynayın heç olmasa...
- Yox, qətiyyən. Mən Yaşarı da ora rejissor kimi dəvət eləmişəm. Onda "Muzkomediya”da tamaşa qoymuşdu.
- Belə bir fikir var ki, Ramiz Həsənoğlu "Sabah” studiyasındakı uğuru bədii filmlərdə təkrarlaya bilmədi.
- Düzü, əvvəllər bu fikirlər məni kədərləndirirdi. Çünki "Cavid ömrü”ndə də, "Sübhün səfiri”ndə də xeyli əziyyət çəkmişdim. Sonra düşündüm ki, yoldu də, gedirik.
- Sizcə, hər iki filmin ikisində də dramatizmi daha dərindən qurmaq olmazdımı? Qəhrəmanların taleyi də buna imkan verirdi.
- Anar müəllim bunu belə görüb, nə deyə bilərik. Anarın yanaşması bu idi və mən filmi çəkməyə götürürəmsə, deməli bu yanaşma ilə razılaşıram.
- Fellini deyir, yaxşı film üçün üç şey lazımdı: ssenari, ssenari, ssenari...
- Və bir də ssenari!
- Dörd oldu.
- Həə... (gülür).
- Bizdə televiziyada çəkilən bir maraqlı film də var: "Yerlə göy arasında”.
- Əla filmdi. Vaqif Mustafayev Mirzə Cəlilə bənzəyir öz gülüşü ilə. Amma Mirzə Cəlil o gülüşün arxasında ağlayır, Vaqif dilini çıxarır. Görünür, bu da yeni gülüşdür.
- Müasir dünya kinosunu izləyirsiniz?
- Açığı, yox.
- Tarantino ilə aranız necədir?
- Çox yaxşı (gülür). Məşhur "Kriminal qiraət” filmini çox bəyənmişəm. Şokdur! Bu adamın sənətdə bilmədiyi şey yoxdur.
- Söhbətimizin sonunda yaxın, bir sual da verim. Yəni, bunu soruşmasam, diqqətli oxucu məni qınaya bilər. Siz Qulu Məhərrəmli əleyhinə AzTV-də məqsədli hazırlanmış videoda göründünüz. Bu, sizə hörmət edən və inanan çox adamı, o cümlədən məni narahat etdi.
- Ədəbiyyatda sözünü deyən bir adamın artıq öz sözünü demiş rejissorla bu söhbəti müzakirə etməsini istəməzdim.
- O zaman söhbətimizi siz bağlayın. Son olaraq nə deyərdiniz?
- Yaponların belə bir müdrik ifadəsi var, deyirlər, səndən nə asılıdırsa, onu elə, qalanını allaha tapşır. Mən bu prinsiplə yaşayıram.
- Bizdə də oxşarı var: dəvəni bağla, sonra allaha əmanət elə.
- Hə də...
.