Azərbaycan iqtisadiyyatının orta illik artımı 2025–2034-cü illərdə 2,7% təşkil edəcək.
Bu barədə "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin proqnozunda bildirilib.
Qeyd edilib ki, 2025–2034-cü illəri əhatə edən dövrdə Azərbaycanın iqtisadi artım trayektoriyası daha sabit olacaq. Qiymətləndirməyə görə, bu müddətdə ölkə iqtisadiyyatı orta hesabla illik 2,7% artacaq, halbuki 2014–2024-cü illərdə orta artım tempi 1,5% təşkil edib.
Fitch Solutions bildirir ki, Azərbaycanın geniş enerji ehtiyatları, xüsusilə təbii qaz, qarşıdakı on ildə də iqtisadi artımın əsas hərəkətverici amili olaraq qalacaq. Avropa bazarının Azərbaycanın enerji resurslarına tələbinin artacağı qeyd olunur. Hesabata görə, 2005-ci ildən etibarən neft gəlirləri ÜDM-in təxminən 30%-ni, son illərdə isə dövlət gəlirlərinin 75%-dən çoxunu formalaşdırıb. Neft hasilatında mümkün azalma ehtimalına baxmayaraq, neft qiymətlərinin sabit qalması fonunda, neft sektorunun ÜDM-də payının orta müddətli perspektivdə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.
Proqnoza əsasən, adambaşına düşən ÜDM 2023-cü ildəki 8 558 ABŞ dollarından 2034-cü ildə 17 282 ABŞ dollarına yüksələcək. Fitch Solutions valyuta sabitliyini nəzərə alaraq bu göstərici üzrə yuxarı yönlü risklərin mövcud olduğunu qeyd edir. Analitiklərin fikrincə, nominal gəlirlərin və istehlakın artması iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələr üzrə şaxələndirilməsinə müəyyən dəstək verə bilər.
Hesabatda vurğulanır ki, enerji sektorundan həddindən artıq asılılıq uzunmüddətli dövrdə “Holland sindromu” risklərini artırır. Bu baxımdan, hökumətin iqtisadi şaxələndirməni sürətləndirmək üçün tədbirlər planlaşdırdığı qeyd olunur. Sözügedən tədbirlərə qeyri-neft vergi siyasətinin yenidən nəzərdən keçirilməsi, vahid vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafını dəstəkləmək məqsədilə ƏDV-nin azaldılması daxildir.
Bununla yanaşı, enerji və nəqliyyat sahələrində infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin rəqabətqabiliyyətli qeyri-enerji sektorunun formalaşmasına və iqtisadi artımın dəstəklənməsinə töhfə verəcəyi qeyd olunur.
.
