1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri olmuş Richard D. Kauzlarich hazırda George Mason Universitetinin professorudur. Azərbaycan və onun regionundakı siyasi prosesləri yaxından izləyir. Keçmiş səfir bu mövzularda AzadliqRadiosunun suallarına cavab verir:

- Əliyev-Sargisian görüşündən nə gözləyirsiniz?

- Keçmiş təcrübəyə əsasən deyə bilərəm ki, çox az şey gözləyirəm. Kaş ki, yanılmış olaydım. Ümid etmək istərdim ki, əsl ciddi danışıqlar səhnə arxasında gedir. Minsk Qrupunun yeni amerikalı vasitəçisi təcrübəli, yaradıcı diplomatdır. Buna baxmayaraq açıq olan informasiyadan görünmür ki, Bakı və ya Yerevan bu münaqişənin Minsk Qrupu prosesi çərçivəsində həllinə doğru ciddi addımlara hazırdırlar.

- Azərbaycanda insan haqlarının vəziyyəti onun ABŞ-la münasibətlərini nə dərəcədə təsirləndirir?

- Yaxın perspektivdə mən bunun münasibətləri təsirləndirəcəyini gözləmirəm. Lakin uzaq perspektivdə, əgər Azərbaycan insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa, ABŞ-la şərikli dəyərlərə əsaslanan strateji partnyorluq mümkün olmayacaq.

- Seçki müşahidəçisi Anar Məmmədli Yeni il ərəfəsində həbs edilib. 140 siyasi məhbus hələ də həbsxanadadır. ABŞ Anarın azadlığa buraxılması üçün müraciət edib. Bu məsələlərdə Bakıya təsir göstərmək üçün daha nələri etmək olar?

- ABŞ və bir sıra başqa ölkələr Anar Məmmədlinin azad olunmasına çağırıblar. Bakı rejimi bu çağırışları, ən azı ictimaiyyət qarşısında, qulaqardına vurub. Bunun özü göstərir ki, hazırkı rejim öz vətəndaşlarının təməl insan haqlarına hörmət barədə öhdəliklərinə əməl etmir.
10 gün bundan əvvəl Əli Həsənov demişdi ki, hökumət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları "öyrənir”. Mən ümid edirdim ki, bu, hakimiyyətin beynəlxalq diqqətdən narahatlığını əks etdirir. Lakin heç nə baş vermədi.

- Azərbaycan tezliklə böyük qaz ixracatçısına çevriləcək. Bu, Bakının beynəlxalq mövqeyini necə möhkəmləndirə bilər?

- Biz hamımız "Şahdəniz-2” müqaviləsinin əhəmiyyətini dəyərləndirərkən ehtiyatlı olmalıyıq. Bu, 3 hissədən ibarət layihənin yalnız birinci hissəsidir.
Ən nikbin proqnozlara görə də bu qaz Türkiyə və Avropaya qarşıdan gələn 4-5 ildə hələ axmayacaq. Bunun üçün həm də TAP və TANAP boru kəmərlərinin maliyyələşdirilməsi və tikintisinə vəsait qoyulmalıdır. Bu isə layihənin dəstəkçilərinin istədiyi sürətlə baş verməyə bilər.
Bu miqyasda kəmərlər üçün gecikmələr təbiidir. Burada həmçinin Türkiyə daxili siyasətində baş verənlərin bu ölkənin belə böyük layihələr üçün kreditlər alma qabiliyyətini qeyri-müəyyən şəkildə təsirləndirə biləcəyi nəzərə alınmalıdır.
Bütün bunlar TANAP layihəsi üçün lazım olan xərcləri indi olduğundan daha yüksək səviyyəyə qaldıra bilər və nəticədə tikinti ləngiyər. Bu layihənin Azərbaycanın beynəlxalq mövqeyinə təsirini qiymətləndirmək də hələ tezdir, çünki beynəlxalq enerji bazarlarındakı dəyişikliklər Azərbaycanın enerji ehtiyatlarının mühümlüyünü azaldıb.

- Bakı korrupsiyanın cilovlanması üçün nə edə bilər və ABŞ-ın bu məsələdə köməyi ola bilərmi?

- Türkiyə, Çin və Rusiya həll olunmayıb qalan korrupsiya probleminin zərərini görürlər. Qanunun alililiyinin gücləndirilməsi və Azərbaycanın enerji ehtiyatlarından gələn gəlirlərin necə istifadə edilməsi sahəsində şəffaflığın təmin olunması istiqamətində addımların atılması gecikdirildikcə, sosial təzyiqin artması gözləniləndir, çünki yalnız yaxşı əlaqələrə malik kiçik qruplar Azərbaycanın sərvətindən mənfəət götürürlər.
ABŞ və başqaları (Dünya Bankı da daxil olmaqla) texniki yardım təklifi veriblər, lakin hakimiyyət korrupsiya problemini azaltmağa yönəlmiş zəruri islahatların keçirlməsi üçün həmin köməkdən istifadə etmək istəmir.
Mən inanıram ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar qarşısındakı qorxudur.
.