Dünya müvəqqəti olaraq 1,5°C temperatur həddini aşmağa doğru gedir.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirə göndərdiyi videomesajda deyib.
O bildirib ki, ənənəvi enerjidən bərpaolunan enerjiyə keçid olmalıdır.
“Temperaturun hər artımı daha böyük zərərlərə səbəb olur, xüsusilə də ən həssas əhali qrupları üçün. Bizim vəzifəmiz bunu mümkün qədər kiçik, qısamüddətli və təhlükəsiz etmək, eyni zamanda, temperaturu sürətlə yenidən aşağı salmaqdır. Bu isə emissiyaların kəskin şəkildə azaldılması, ənənəvi enerjidən mərhələli və ədalətli keçidlə bərpa olunan enerji mənbələrinə yönəlmənin sürətləndirilməsi deməkdir. Bu, xərclərin azaldılması və həqiqi enerji təhlükəsizliyinin təmin olunması üçün yeganə dayanıqlı yoldur. Bu həmçinin metan emissiyalarının azaldılması deməkdir ki, bu da yaxın müddətli istiləşməni məhdudlaşdırmağın ən sürətli və ən ucuz yollarından biridir”, - BMT Baş katibi vurğulayıb.
Quterreş qeyd edib ki, meşələrin, torpaqların və dənizlərin qorunması, iqlim dəyişikliyinin dağıdıcı təsirlərini artıq yaşayan icmalara dəstək göstərilməsi də vacibdir: “Eyni zamanda, inkişaf etməkdə olan ölkələrə verilmiş iqlim maliyyəsi vədlərinin yerinə yetirilməsi həyati əhəmiyyət daşıyır. Bu, insanların həyatını xilas etməyə, dolanışıq vasitələrini qorumağa və iqtisadiyyatları daha dayanıqlı etməyə kömək edəcək. Bu, ətraf mühitimiz və gələcəyimiz naminə hərəkətə keçmək üçün məhz həmin məqamdır”.
.
