
Azərbaycan Qoşulmama Hərəkatına 4 ildən artıqdır ki, sədrlik edir. Bu Qoşulmama Hərəkatı tarixində ən uzun sədrliklərdən biridir. Çünki üzv dövlətlərin belə bir tələbi, istəyi var idi ki, Azərbaycan sədrliyini davam etdirsin.
Bu sözləri bu gün Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin açılışı zamanı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatında bir çox mühüm islahatlar keçirildi:
"Bunlardan biri də Gənclər Təşkilatının yaradılması idi. Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasının təsis iclası Şuşa şəhərində keçirildi. Ona görə də onun təsis sənədi Şuşa Bəyannaməsi adlanır. Hal-hazırda olduğumuz qərargah Qoşulmama Hərəkatının mənzil qərargahıdır. Bu gün həmin gənclər təşkilatının tədqiqat mərkəzinin açılışıdır və Qoşulmama Hərəkatına üzv dövlətlərin gəncləri bu mərkəzə gəlib öz tədqiqatlarını aparacaqlar".
O eyni zamanda qeyd edib ki, biz hal-hazırda COP29-a sədrliyi fəal şəkildə davam etdiririk.
"COP30-dan ən böyük gözləntilərdən biri Bakıdan Belemə dəyəri 1.3 triliyon ABŞ dolları olan Yol Xəritəsinin hazırlanmasıdır. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, Bakıda qəbul olunmuş iqlim maliyəsi ilə bağlı qərarların yerinə yetirilməsi və növbəti 10 ildə 300 milyardın 1.3 triliyon ABŞ dollarına çatdırılması ilə bağlı konkret istiqamətlərin olmasıdır",- deyə əlavə edib.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesi çox vacib məqamdan keçir: "Bildiyiniz kimi, sülh sazişinin mətninin razılaşdırılması prosesi tamamlanıb. Onun imzalanması üçün iki şərt var ki, sülhə zəminin yaradılması üçün bu istiqamətdə konkret addımlar atılmalıdır. Hər hansı sülh mesajları yalnız bu addımlar praktik olaraq reallaşdırıldıqda, konkret tələblər və hər iki tərəfin gözləntiləri yerinə yetirildikdə nəticə verir. Bu baxımdan Azərbaycanın əsas gözləntisi gözlənilən iki tələbə Ermənistan tərəfindən cavab verilməsidir".
.