“Qarabağda ermənilər tərəfindən adları dəyişdirilmiş Azərbaycan tarixinə aid toponimlər geniş tədqiqata cəlb edilib”.
Bu barədə Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsi Elçin İsmayılov məlumat verib.
Bildirib ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstəriş verib. Bununla əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir.
"Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır. Qarabağda Azərbaycan tarixinə aid toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları verilib. Qərbi Azərbaycanda ümumilikdə Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib”.
Şöbə müdirinin sözlərinə görə, toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. O, qeyd edib ki, bir yaşayış məntəqəsində həmin məntəqənin adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur. İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib.
İndiyədək bu istiqamətdə tədqiqatlar aparan dilçi alimlər haqqında məlumat verən Elçin İsmayılov İbrahim Bayramov, Siracəddin Qeybullayev, Budaq Budaqov, Həsən Mirzəyev, Mahirə Nağıqızı, Afad Qurbanov kimi görkəmli tədqiqatçıların Qərbi Azərbaycan toponimləri ilə bağlı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb.
Rəhbərlik etdiyi Toponimika şöbəsinin fəaliyyət istiqamətlərindən bəhs edən alim bildirib ki, şöbə Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq. Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq.
O, qarşıdakı 2-3 ay ərzində konkret elmi faktlara əsaslanan tədqiqatların nəticəsi olaraq yeni kitabın çap olunacağını və bu nəşrin respublika ilə yanaşı, dünya ictimaiyyətinə təqdim ediləcəyini diqqətə çatdırıb.
“Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün resurslarımızı səfərbər edəcəyik”, - deyə Elçin İsmayılov bildirib.
.