Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 2023-cü il sentyabrın 19-da erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü polis, ikisi mülki şəxs olmaqla, altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni hərbi birləşmələrinin bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi, Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam etdirməkdir.
Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı. Təəssüf ki, Ermənistan irqçi mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməmiş və bir sıra bədnam havadarlarının fitnəsi ilə növbəti dəfə təxribat yolunu seçmişdir.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərinə başlayıb.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistanın mono-etnik dövlətçilik və ərazi ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - deyə İcmanın bəyanatında vurğulanıb.
.