ABŞ-ın "İnformation Clearing House” (İnformasiyaların Şəffaflığı Mərkəzi) Suriya ilə bağlı keçirilən 2-ci Cenevrə konfransı barədə araşdırma aparıb. Şamus Kukun (Shamus Cooke) hazırladığı araşdırmada Qərb mediasının "Cenevrə-2” konfransı zamanı müxaliflərin xeyrinə üstünlük yaratmaq cəhdindən danışılır. FaktXeber.com-un verdiyi məlumata görə, o, bununla bağlı Qərb mediasının 3 mühüm yalanı təbliğ etməsinə toxunur. Həmin araşdırmanı təqdim edirik:

Əsədin hakimiyyətdən getməsi "Cenevrə-2” konfransının keçirilməsi üçün ön şərt kimi bütün ölkələr tərəfindən razılaşdırılıb

Belə bir əsassız yalan Qərb ölkələri və mediası tərəfindən təkrar-təkrar söylənildi. Obama hökuməti iddia etdi ki, bu məsələ "Cenevrə-2” konfransı üçün ön şərt kimi irəli sürülüb və yol xəritəsi planı kimi bütün tərəflər, o cümlədən Rusiya tərəfindən qəbul olunub. Halbuki bəyanatda belə bir iddia olmayıb. Orada müzakirələr vasitəsilə ölkədə siyasi dəyişikliyin baş tutması qeyd edilib. Bu isə Bəşşar Əsədin dəyişiklidə iştirak etməməsi anlamında deyil. Bundan əlavə, Rusiya belə bir şərtin irəli sürülməsini qəti şəkildə rədd etmişdi. Əslində isə bəyanatda belə qeyd olunub: "Keçid hökuməti bütün tərəflərin razılığı əsasında, hazırki iqtidar, müxalifət və digər siyasi cərəyanların iştirakı ilə təşkil olunmalıdır.” Göründüyü kimi, bu bəyanatda Bəşşar Əsədin hakimiyyətdən getməsinə əsla işarə olunmayıb. Yaxınlarda "Los-Anceles Tayms” qəzeti sözügedən yalana toxunaraq yazmışdı ki, Con Kerri 2012-ci ilin iyun ayında BMT-nin dəstəyi ilə keçirilən Cenevrə konfransının bəyanatının bir növ sülh xəritəsi planı olduğunu bildirib. Ancaq bu sənəddə Əsədin hakimiyyətdən getməsinə işarə edilməyib.
Obama hökuməti bu yalanı təkrarlamaqla sülh planının gedişində ikitirəlik yaratmaqla yanaşı, məsələnin həlli istiqamətində ehtimal olunan nailiyyətlərə kölgə salıb. Ağ Ev başa düşür ki, əgər BMT-nin dəstəyi ilə Suriyada azad və ədalətli seçki keçirilərsə, Əsədin qələbə qazanmaq ehtimalı böyükdür. Ona görə də Obama hökuməti Əsədin hakimiyyətdən getməsinə ciddi-cəhdlə təkid edir. Suriyada müxtəlif məzhəblər və dini azlıqlar ABŞ-ın dəstəklədiyi qiyamçıların cinayətlərini müşahidə ediblər. Onlar baş verən cinayətlərin mediada getməməsi üçün ABŞ-ın təzyiqlərini də görüblər. Suriyada Bəşşar Əsədə alternativ olan şəxs nə müxalifət, nə də hər hansı siyasi cərəyan arasında mövcud deyil. Suriyada Amerikanın himayəsi ilə gedən müharibə Əsədin siyasi baxımdan gücünü qat-qat artırıb. Amma Qərb mediası bu həqiqət barədə heç vaxt yazmırlar.
ABŞ-ın dəstək verdiyi qiyamçılar yalnız bir şəhəri - Riqqanı tamamilə ələ keçiriblər. Bu şəhər də "Əl-Qaidə”nin nəzarəti altındadır və "Taliban”ın İslamdan çıxarışı əsasında olan qanunlarla idarə olunur. Elə buna görə də qiyamçıların əlində elə güc yoxdur ki, Əsədin hakimiyyətdən getməsini də tələb etsinlər.

Amerikanın Suriyada dəstəklədiyi qiyamçılar liberal yönlü islamçılardır

Əslində gülüş obyektinə daha uyğun gələn bu yalan açıq-aşkar mediada qeyd edilir. Bu yalan Qərb kütləvi informasiya vasitələrinin əsas uğuru hesab olunur. Sözügedən media Amerikanın himayə etdiyi qiyamçıları "yaxşı” göstərir. Guya onlar həm Əsəd hökuməti, həm də "Əl-Qaidə” ilə mübarizə aparırlar. Halbuki onlar "Əl-Qaidə” ilə eyni düşüncəyə malikdirlər. "Liberal qiyamçılar” yalanı "İslam Cəbhəsi” adlı qruplşamada yer alan "Əhrar Əş-Şam” dəstəsinin başçısının etirafından sonra ifşa olundu. Belə ki, bu dəstə "Əl-Qaidə”nin həqiqi nümayəndələri olduqlarını bəyan etdi. Qərb kütləvi informasiya vasitələri isə buna görməzlikdən gəldi.

Bütün faktlar Suriya hökumətinin qətliam və işgəncə törətməsini bəyan edir

Qərb mediası təzəlikdə Suriya hökuməti tərəfindən işgəncələrin verilməsi ilə bağlı "xüsusi reportajlar və faktlar” təqdim edirlər. Bu isə "Cenevrə-2” müzakirələrindən öncə ortaya atıldı. Yüzlərlə ölmüş şəxsin fotoları yayımlandı. "Etibarlı mənbə” isə onların Suriya hökuməti tərəfindən öldürüldüyünü bildirir. Ancaq sözügedən etibarlı mənbəni beynəlxalq tribunalda hərbi cinayətkarların məhkum olunmasında müəyyən qədər etibar qazanmış qərbyönlü ziyalılar təyin ediblər. Bir çox yazarlar beynəlxalq məhkəmənin ABŞ-ın əlində digər ölkələrə hərbi müdaxilə etmək üçün bir alət olduğunu vurğulayırlar. "Nasistlərin törətdiyi cinayətlər kimi” adlı faktlar toplusu Suriya əleyhinə, Qətərin maliyyə dəstəyi ilə hazırlanıb. Halbuki bu rejim ilk günlərdən Suriya dövləti əleyhinə olan qüvvələrə pul və silah yardımı edib. Bundan başqa belə bir mühüm məsələ BMT kimi tərəfsiz qurum vasitəsi ilə araşdırılmalıdır. Suriyada məlum kimyəvi hücumla bağlı da heç bir tutarlı fakt olmadan qərəzli mövqe sərgilənmişdi. Həmin vaxt da bir çox Qərb kütləvi informasiya vasitələri bəzi "ekspertlər”in rəyinə istinad edərək Suriya hökumətini bu mövzuda ittiham etmişdilər. Simur Herş kimi məşhur yazar Obama hökumətinin bu yalanını faktlarla ifşa etdiyi zaman da Qərb mediası susmuşdu.
Deməli Amerika və Avropanın Suriya ilə bağlı yanaşması tamamilə qərəzlidir. Belə bir üsuldan Suriya müharibəsi başlanandan indiyə kimi davam etməkdədir. Kütləvi informasiya vasitələrinin etinasızlığı bir ölkədə lazımsız qətliamların həyata keçirilməsinə və milyonlarla insanın qaçqın düşməsinə səbəb olub. Belə anlaşılır ki, Obama administrasiyası Suriya hökumətini günahlandırmaq üçün Cenevrə müzakirələrindən yararlanmaq istəyir. Qərb ölkələri müharibə meydanında Əsəd hökumətini sarsıda bilmədikləri üçün təbliğat vasitəsilə ona qalib gəlmək niyyətindədirlər. Hər-halda əgər Cenevrə-2 nəticəsiz başa çatarsa, müharibə müzakirələri yenidən gündəmə gələcək.”
.