Azadlıq və bərabərlik ideyaları heç vaxt insan təbiətində birmənalı olmamışıdır, bu gün belədir. Əgər əzəldən insan təbiətində azadlıq və bərabərlik ideyaları varıydısa, o öz əksini niyə yalnız "Qərb”də 18-ci əsrdə tapırdı? Hər halda "Qərb” düşüncəsinə görə, liberalizm və demokratiya yalnız 18-ci əsrdə Avropada gerçəkləşib. Avropalıların bu fikrindən belə nəticə hasil olur ki, 18-ci əsrə qədər insan təbiəti öz-özünə qarşı olmuşdur. Təbii ki, bu mümkün deyildir. Əgər bir insan üçün azadlıq və bərabərlik ideyaları önəmlidirsə, onu on illərlə kölə etsələr belə, bir gün yenə də istəyinə çatacaqdır. Başqa birisi üçün köləlik keçərlidirsə, o ömrü boyu azadlıq və bərabərlik ideyaları işində yaşamasına baxmayaraq, daima ruhən bir kölə olaraq qalacaqdır.
Əslində burada başlıca problem "azadlıq və bərabərlik” anlayışlarının mahiyyəti ilə bağlıdır. Məncə, tarixən insanlar daha çox "azadlıq” əldə etdikcə insanlıq çərçivəsindən kənara çıxmışlar. Insan üçün azadlığın sərhəddi olmayanda, onun heç bir dəyəri qalmır. Artıq insan heyvani bir məxluqa çevrilir. Bu anlamda Nitsşe, Şopenhauer, Freyd və başqa "Qərb” aydınlarını başa düşmək çətin deyil. Onlar dini ehkamların aradan qaldırılmasından sonra "azad” düşüncə ilə Allahı inkar etməklə insanın da azadlığa qovuşacağına inanırdılar. Özəlliklə, insanı yalnız öz iradəsinə bağlı tamamilə azad bir varlıq kimi tərif etmələri yanlış idi.
"Qərb” aydınları insanı son zamanlar əldə etdikləri uğurlara görə "modern insan” adlandırıb dağın başına qoymaqla yanılırlar, əslində onu uçurumun dibinə salıblar. Fironlar kimi özünəvurğun, eqoist "azad və bərabər” insan cəmiyyəti formalaşdıran "Qərb” bunu liberalizm və demokratiya kimi qələmə versə də, qərblilərin ümumi durumu maddi cəhətdən sıxıntı içində yaşayan əksər qeyri-qərblilərdən heç də yaxşı deyildir. Belə demək mümkündürsə, Şərqdə bəzi insanlar ac qalmamaq, yaxud da daha yaxşı yaşamaq üçün bədənlərini və vicdanlarını satdıqları halda, Qərbdə insanların əksəriyyəti ifrat azad və bərabərlik düşüncənin nəticəsində bunu edirlər.
Bu baxımdan Qərbdə namus, əxlaq, şərəf və ləyaqət anlayışları "azad və bərabər” həyatın işində tükənmək üzrədir. Daha doğrusu, son akkordlara yaxınlaşıblar. Çünki bugünkü Qərbin "modern insanı” yalnız özünügüdər haldadır. "Modern insan”ın dünyasında nə ailə, nə millət, nə də milli dövlət vardır. "Modern insan” üçün yalnız maddi maraq olanda bu anlayışların bir anlamı olur. Əgər bir toplumda ailənin, millətin, vətənin, dövlətin heç bir dəyəri qalmayıbsa, yaxud da onlar yalnız maddi maraq naminə bir dəyər daşıyırsa, artıq bu "qiyamət günü”nə bir şey qalmamışdır, deməkdir.
Bu baxımdan insan anlamalıdır ki, dünyada hər şey "azad və bərabər”lik olmaqla ölçülmür. Sadəcə, "azad və bərabər”lik insanlar, onların üzvləri olduğu toplumlar üçün "kölə və qeyribərabər”liyə qarşı bir əkslikdir. Burada orta yolun olması yetərlidir. Əgər "azad və bərabər”lik məsələsində orta yoldan sapılb ifrata varılırsa Qərbdə olduğu kimi, o zaman yenidən "kölə və qeyri¬bərabər”liyə qayıdılmış olacaqdır. Artıq qərblilər özlərini inandırıblar ki, onlar dünyada azad, bərəbər və öz-özünə sahib taysız bir cəmiyyət qurublar. Bir sözlə, süni mədəni-sivil davranış qaydaları, aşırı dərəcədə praqmatistlik-bu günə bağlılıq, seksual və maddiçi həyat tərzi "qərblilər”in ruhi-mənəvi dünyasını alt-üst etmişdir. Cemil Meriçin təbrincə desək, maddiçilik Qərbin yüksəlməsi ilə yanaşı, Tanrı inancını da yox etməyə başaladı: "Maddi üzərindəki fəthləri, Qərb insanını doyurmur artıq, fəqət istismar istəyindən də vaz keçmir. Allahsız bir dünyanın qanma bilməyən ehtirası insanlığa çox bahalıya mal oldu”.
Bu gün qarşımızda ailədə dədələrinə, valideynlərinə, məktəbdə müəllimlərinə, cəmiyyət içində digərlərinə heç bir dəyər verməyən, davranışlarını tənzimləməyən "azad və bərabər” düşüncəli modern "Qərb” insanı var. Üstəlik, modern "Qərb” insanı özündən hesab etdiyi yurddaşlarına "sivil” və "kültür”lü davrandığı halda, qeyri-qərblilərə münasibətdə aşağılayıcı mövqe tutur. Bu isə ona gətirib çıxardır ki, qərblilər dünyanın sivil təmsilçiləri iddiasınca, özlərindən kənarda qalanları aşağılamış olurlar.
"Qərb”in psixoloji-əxlaqi durumunda, özəlliklə irqçilik və ailə bütünlüyündə problemlərin olmasını, bu anlamda onun təhlükəli bir hala gəlməsini bir çox Qərb aydınları da görürlər və önləməyə çalışırlar. Özəlliklə, ABŞ ailə məsələsində tənəzzüldədir. Fukuyama yazır: "Topluluq yaşamının çöküşü ABŞ-da ailədən başlıyır; ailə son iki nəsil içində, bütün amerikalıların şahid olduğu kimi sürəkli bölünüb parçalandı, atomizə oldu. Ayrıca bəlli bir yerə bağlı olmanın bir çox amerikalının gözündə bir önəmi qalmadı və dolaysız ailə çevrəsi xaricində bir topluluq ortamı bulmaq həmən imkansız”. Arnold Toynbi də hesab edir ki, Qərb sivilizasiyası ekonomika və siyasi yöndən güclü olsa da, toplumsal və ruhi baxımdan zəif durumdadır. Özəlliklə, Qərbdə psixoloji duruma bağlı irqçilik güclənməkdədir. Bunu, keçən hər gün də daha çox görürük.
Deməli, "Qərb”in ən mənfi cəhəti odur ki, bir yandan irqçiliyi-faşizmi, dini düşmənçiliyi tənqid etdiyi halda, digər tərəfdən özü "mədəni” və "sivil” formada irqçiliyi və dini düşmənçiliyi həyata keçirir. Artıq "Qərb”də günü-gündən çoxalan bir "Qərb irqçiliyi” baş qaldır¬mışdır. Belə ki, "Qərb” ağa-kölə münasibətlərini aradan qaldırıb "azad və bərabər” cəmiyyət yaratdığını bəyan etdiyi halda, yeni bir ağa-kölə dönəminə başlamışdır. Bu almanların, italiyanların faşizminin, ingilis¬lərin və fransızların imperializminin yeni bir formasıdır. "Qərb irqçiliyi” vüsət aldıqca qərblilərin "panislamizm” adı verdikləri İslam-Türk sivilizasiyasının oyanışı daha da sürətlənəcəkdir. Çünki Qərb sömürgüçülüyündən, "Qərb irqçiliyi”ndən qaçanlar İslama sığınmaqdan başqa yol tapmayacaqdır ki, bu da müsəlmanları ümidləndirəcəkdir. Bunu, Toynbi də, Fukuyama da, başqa Qərb aydınları da yaxşı anlayırlar. Toynbi yazır: "Panislamizm yuxudadır, nə var ki, Qərbliləşmiş dünyanın proletar qələbəliyi Qərb sömürgüçülüyünə qarşı ayaqlanıb anti-Qərb bir hərəkat yaradarsa, yatan divin oyana biləcəyini hesaba qatmaq zorundayız. Bu çağrının, İslamın millitan ruhunu qış yuxusuna yatmış kimi görünürsə də oyandırıb zəfər dolu bir çağa yönəltmədə, hesab etmədiyimiz etkinlikləri ola bilir. Keçmiştə İslam, Şərqli bir toplumu Qərb saldırısına qarşı şox gözəl ayaqlandırmışdı. Peyğəmbərin ilk izləyiciləri zamanında, İslam, Suriya və Misiri min ildir əllərində tutan Ellin hakimiyyətindən qurtarmışdır. Zəngi, Səlahəddin Əyyubi və Məmlüklər zamanında İslam, Xaçlı və Mogol istilasına qarşı durdu. Əgər insanlığln bugünkü durumu bir "irq savaşı”na yol açacaksa, İslam tarixi vəzifəsini yapmaq üzərə bir kərə daha çağrılmalıdır. Diləyəlim ki, belə bir savaş çıxmaz”.
Toynbinin bu fikirləri də ona işarədir ki, "Qərb”dən kənarda qalan bir çox millətlər yanlış olaraq "qərbləşmə” yolunu tutaraq, bununla da dünyada var olmağı mümkün sayırlar. Bu isə "Qərb”in öz ömrünü uzatmasından, İslamın isə hələ də oyanmamasından başqa bir işə xidmət etmir. Çox təəssüf ki, belə bir prosesin hələ də davam etməsində qərblilərlə yanaşı "qərbləşmək”, Avropaya inteqrasiya yolu tutmuş bir sıra qeyri-qərb ölkələrinin idarə edənləri də maraqlıdırlar. "Qərb” və "Qərbyönlü” hakimiyyətlər üçün önəmli olan öz çıxarlarını güdməkdir. Bu çıxarlar fərqli olsa da, ancaq qeyri-qərb ölkələrinin cəmiyyətlərinin mənəvi və maddi cəhətdən güclənməsinin qarşısının alınmasında niyyətlər eynidir.
Fikrimizcə, artıq yeni bir sivilizasiyanın doğuşu ərəfəsindəyik, bunu doğru qiymətləndirməliyik. Hesab edirik ki, "Qərb mədəniyyəti”, "Qərb liberal-demokratizm”i və "Qərb irqçiliyi” sözün həqiqi mənasında "qərblilərin” boynuna biçilmişdirsə, o zaman "Qərb sivilizasiyası”nın qeyri-qərblilərə heç bir aidiyyəti yoxdur. Sadəcə qeyri-qərblilər "Qərb sivilizasiyası”nın basqısından dolayı onunla təmas halındadır. İki əsrdən çox çəkən bu təmas İslam-Türk dünyası üçün bir təhdid yaratmaqla yanaşı, yeni bir sivilizasiyanın yaranmasını da sürətləndirmişir.
Doç., Dr. Faiq Ələkbərov
.