Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində iki saatlıq yaddaşa malik "qara qutu"lar aşkarlanıb və onların deşifrəsi zamanı hadisənin tam mənzərəsi ortaya çıxacaq.

Bunu "Kazinform" agentliyinə müsahibəsində Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev deyib.

"Ekipajın iş saatları və gəminin texniki parametrlərinin araşdırılması hadisənin bütün mənzərəsi görməyə imkan verəcək”, - Lastaev bildirib.

O xatırladıb ki, "qara qutu"lar iki növə bölünür.

"Birincisi səs yazılarını, səsli ismarışları və ekipaj üzvləri arasında söhbətləri qeyd edir. Uçuş başlayan andan avtomatik olaraq bütün bu məlumatlar yazılır. İkinci isə təyyarənin texniki parametrlərini - mühərrikin sürəti, hidravlik təzyiq, aviasiya məlumatlarını qeydə alır".

Bundan əvvəl Qazaxıstan qəzaya uğrayan təyyarənin "qara qutu"larını Braziliyaya göndərib. "Qara qutu"lar Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.

Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət uçuş məlumat qeydedicilərinin oxunmasını təmin edir və qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkə seçimi barədə qərar qəbul edir.

Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.

.