Bu gün Türkiyənin Antalya şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə Qaz İxrac Edən Ölkələr Forumu (GECF) arasında 5-ci Koordinasiya Görüşü keçirilib.

 OPEC verdiyi məlumata görə, görüşə OPEC-in Baş katibi Heysəm əl-Qeys və GECF-in Baş katibi Filip Mşelbila həmsədrlik ediblər. Tədbirdə OPEC-ə üzv ölkələrin, Əməkdaşlıq Xartiyasında iştirak edən OPEC-ə üzv olmayan ölkələrin, eləcə də GECF-ə üzv ölkələrin danışıqlar üzrə nümayəndələri iştirak ediblər.

Məlumata görə, müzakirələr zamanı COP31-in əsas qərarlarının inkişaf etməkdə olan ölkələrin prioritetlərini əks etdirməsinin vacibliyi vurğulanıb. Bu prioritetlərə emissiyaların azaldılmasına yönəlmiş iqlim tədbirləri, qrantlar əsasında maliyyələşdirmənin həcminin artırılması və müvafiq icra vasitələrinin təmin edilməsi daxildir. Qeyd olunan məsələlərə ədalətlilik, ümumi, lakin fərqləndirilmiş məsuliyyət və müvafiq imkanlar prinsipləri, eləcə də tarixi məsuliyyət nəzərə alınmaqla yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunur ki, iştirakçılar, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində danışıqlar prosesinin iştirakçı tərəflərin rəhbərliyi əsasında həyata keçirilməsi prinsipinə sadiq qalınmasının, milli suverenliyə hörmət edilməsinin, enerji təhlükəsizliyi və sabitliyinin təmin olunmasının zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu yanaşma yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişaf kontekstində ölkələrin milli səviyyədə müəyyən etdikləri iqlim tədbirlərini həyata keçirməsinə imkan yaratmalıdır.

.