![](/uploads/img/posts/2025/02/08/divani_8jpg-1739018556.jpg)
7 fevral 2025-ci il tarixində, Qazaxıstanda Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun TİKA və Türk Dünyası Fondunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Divani Lüğat ət-Türk” beynəlxalq sərginin açılış mərasimi keçirilib.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: “Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı “Divani lüğat ət-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqəni simvollaşdırır”.
Sərginin açılışında Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Qazaxıstan Respublikasının Xarici İşlər nazirinin müavini Alibek Bakayev, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Türk Akademiyasının prezidenti Şahin Mustafayevlə yanaşı, çox sayda qonaq və media nümayəndələri iştirak edib.
Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsəri “Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib. “Divani Lüğat ət-Türk”dən ilhamlanan modelyer Ezgi Karayelin xüsusi dizayn etdiyi qadın və kişi geyimləri də ziyarətçilər üçün sərgilənib.
Xatırladaq ki, “Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.
.