
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev nüvə silahına malik olan dövlətlər arasında artan gərginliyə xüsusi diqqət yetirilməsinin vacibliyini bəyan edib.
Tokayev bunu bu gün Astana Beynəlxalq Forumunun plenar sessiyasında bildirib.
"Ənənəvi münaqişələr təcili diqqət tələb etsə də, biz nüvə silahına malik olan dövlətlər arasında artan gərginliyə də diqqət yetirməliyik. Bu gün doqquz dövlət ümumilikdə 13 mindən çox nüvə başlığından ibarət arsenala malikdir. Ekspertlər xəbərdarlıq edirlər ki, onların istifadə riski artır", - o qeyd edib.
K.J.Tokayevin sözlərinə görə, müasir münaqişələr getdikcə daha uzunmüddətli və mürəkkəb olur.
"Ötən ilin məlumatlarına əsasən, 52 dövlət silahlı münaqişə vəziyyətində olub. Eyni zamanda, zorakılıqdan qaynaqlanan iqtisadi itkilər 19 trilyon dollar təşkil edib ki, bu da dünya üzrə ÜDM-in təxminən 13,5 %-nə bərabərdir. Lakin bu rəqəmlərin arxasında daha narahatedici reallıq gizlənir: müasir münaqişələr getdikcə daha uzunmüddətli və mürəkkəb olur. Bu münaqişlərə çox vaxt çoxlu sayda oyunçular, o cümlədən qeyri-dövlət qurumları cəlb olunur. Bundan əlavə, belə münaqişələrin əsasında dərin kök salmış ziddiyyətlər durur", - Qazaxıstan lideri vurğulayıb.
.