Azərbaycanda “Qonaq Allah qonağıdır” deyirlər. Qonaqpərvərlik Qafqaz xalqlarının fərqləndirici xüsusiyyətidir.

Bu barədə Qafqaza gələn və dünyanın hər yerindən olan səyyahlar yazıblar və indi də yazırlar. Təəssüf ki, meşə çaqqalsız olmur... Çaqqallar barədə bir qədər sonra, indi isə qonaqpərvərlikdən başlayacağam.

2015 və ya 2016-cı ildə “Yeni zaman” qəzetindən olan həmkarım Şakir Ağayevlə bir sıra tədbirlərdə iştirak edəcəyimiz Gəncə şəhərinə səfər etdik. Mənim üçün Bakıdan olan səfər xüsusi idi - qonağıma (birlikdə Bakıdan yola düşsək də) doğma şəhərim haqqında mümkün qədər çox danışmağa və onu göstərməyə, o cümlədən doğma şəhərimin müxtəlif guşələri ilə əlaqəli yeniyetməlik illərindən qalma xatirələri bölüşməyə çalışırdım. Şakir Ağayev isə hər dəfə Ağdamı ilə paralellər aparır və hər söhbətin sonu “Allah qoysa, Ağdamda qonaq olarsan” sözləri ilə bitirdi...

Ağdam ötən əsrin 80-ci illərində

Ağdam ötən əsrin 80-ci illərində

Ağdam şəhəri XVIII əsrin ortalarında qurulub, 1828-ci ildə şəhər statusu alıb. Bakıdan 365 km məsafədə, Qarabağ dağ silsiləsinin şərq ətəyində yerləşir. Adı Azərbaycan dilindəki “ağ” və “dam” (yəni ev) sözlərindən yaranıb. Bu ad Qarabağ xanlığının hökmdarı Pənah Əli xanın şəhərdə yerləşən, ağ əhənglə örtülü “İmarət” iqamətgahından gəlir. Şəhər 23 iyul 1993-cü ildən 20 noyabr 2020-ci ilə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb.

Allahın izni ilə və qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şücaətli ordumuz sayəsində 27 il sonra Ağdam işğaldan azad edildi. Nəhayət, keçən həftə sonu Şakir Ağayevin doğma şəhərini ziyarət etdik. Ancaq artıq demək olar ki, mövcud olmayan şəhər gördük... Ağdamın girəcəyindəki ilk kənddən başlayaraq dağılmış evlərin xarabalıqlarını görürük. Şəhərin tamamilə dağıdılmış mənzərəsini də gördük. Vaxtilə şəhərin mədəni həyatını simvolizə edən Dram Teatrının fasadı 1993-cü ilin ortalarından bəri Ağdamda baş verən dramatik hadisələrə aydın şəkildə şahidlik edir.

Ağdam Dövlət Dram Teatrı

Ağdam Dövlət Dram Teatrı

Ağdamdakı teatr 1902-ci ildə yaradılıb və fəaliyyətinə M.F.Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” və Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” pyesləri ilə başlayıb. 1968-ci ildə Nazirlər Kabinetinin əmri ilə teatrın adı dəyişdirilərək Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı qoyulub.

Ruhlar şəhərinin mərkəzi hissəsinə çatırıq. Şakir Ağayev xarabalıqları, daşları, inzibati binalardan qalan çılpaq divarlar görəndə bir qədər özünü itirmiş kimi görünür. Buna baxmayaraq, indi alaq otları ilə örtülmüş kərpiclərə baxaraq həvəslə ağdamlıların o sakit günlərini xatırladan binaları xatirəsində canlandırmağa çalışır.

“Murad, bax burada postsovet məkanında məşhur olan Çörək Muzeyi var idi... Orada univermaq, burada passaj var idi. Nə istəsən, ala bilərdin. Həm qanuni şəkildə, həm də əl altından. Sovet Azərbaycanın başqa heç bir yerində belə bazar tapmaq mümkün deyildi. Bütün Qafqazdan buraya axışırdılar. Bura “Bombey” deyirdilər”, - qollarını gah bu, gah da o biri yana yelləməklə həmkarım danışır. Geridə qalan 27 il ərzində vaxtilə bütün regionun hər yerindən gələn incəsənət xadimlərinə və idmançılara ev sahibliyi etmiş Ağdam ruhlar şəhərinə çevrilib.

Çörək muzeyi

Çörək muzeyi

Ağdamda bütün keçmiş Sovet İttifaqı ərazisində məşhur olan yeganə Çörək Muzeyi yerləşirdi, o, 1983-cü ildə tikilmişdi. Burada antik dövrə və orta əsrlərə aid eksponatlar var idi. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar, lazımlı və çox əhamiyyətli materiallar - qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıldöyən vərdənə, əl dəyirmanı və başqa alətlər var idi. Muzeyin ən qədim eksponatları eradan əvvəl 7-ci əsrə aid daşlaşmış taxıl dənləri idi. 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu, muzeyin 1 500 eksponatı yanğınla məhv edildi. Həmçinin məşhur Ağdam çay evi və hazırda beynəlxalq arenalarda tanınan “Qarabağ” futbol klubunun vaxtilə ev oyunlarını keçirdiyi Ağdamdakı yeganə arena– “İmarət” stadionu dağıdıldı.

Bir vaxtlar Şakir Ağayevin evinin yerləşdiyi küçəyə yaxınlaşırıq, amma yarı yoldan geri qayıdırıq; harada hansı minanın üzərinə ayaq basacağınızı proqnozlaşdırmaq mümkün deyil. Atəşkəs razılaşmasının imzalanmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi minalama xəritələrini vermir. Azərbaycan xalqının bəxtinə də bax belə məkrli düşmən düşüb - ən xırda şeyə qədər hər şeyi apardıqdan sonra arxalarında ölümcül tələlər qoyublar...

Britaniyalı jurnalist, müasir Zaqafqaziya ilə bağlı araşdırmaların müəllifi Tom de Vaal “Qara bağ” kitabında yazır: “Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra şəhəri tədricən - küçə-küçə, ev-ev ən son kərpicinə qədər sökərək özləriylə daşıyıb apardılar. Yarıdağıdılmış evləri tikan və kol-kos basdı”.

Ağdamın mərkəzində gördüklərimiz işğalçıların törətdikləri bütün bu barbarlığın apogeyası kimi görünürdü. Amma yox. Qafqazın Hirosimasında bizi barbarların belə enməyəcəyi səviyyədə daha dəhşətli səhnə gözləyirdi. Şəhərdə sağ-salamat bir şey görmədiyimizdən səfərimizin sonunda heç olmasa ağdamlı həmkarlarımın qohumlarının və yaxın dostlarının məzarları üstündə dua etmək üçün Ağdamın kənarlarına doğru hərəkət etdik. Gördüklərindən yalnız ağdamlıların deyil, hamımızın gözləri yaşla doldu... Qəbirlər qazılı, məzar daşları dağıdılmış halda... Boş çuxurların yanında şok vəziyyətində dayanmışam və buna bir izahat tapmağa çalışıram - bəlkə də ölüləri üçün qazıblar, bəlkə mərmi düşüb. “Çox güman, mərhumların qızıl dişlərini axtarıblar”, - kimsə bu versiyanı təklif etdi. Bu şərhdən sonra ermənilərin işğal altında olan Azərbaycan torpaqlarında bütün bu 27 il ərzində gerçək fəaliyyətlərinin aydın mənzərəsi gözümün qabağında canlandı. Ağdamdan mümkün və qeyri-mümkün hər şeyi (axı şəhər sakinlərinin çoxu tezliklə geri dönəcəklərinə əmin olduqlarından evlərindən heç nə götürmədən çıxmışdılar) daşıyıb aparan ermənilər şəhəri xarabalığa çevirib tanınmaz hala salmaqla yanaşı, qohum-əqrəbanın məzarları üstündə ağlamağa imkan yeri də qoymamışdı...

Bu gün Azərbaycanda Novruz bayramından əvvəlki son çərşənbə axşamı – “Torpaq çərşənbəsi” qeyd olunur. “Torpaq çərşənbəsi”ni qeyd edən əcdadlarımız ana torpağa, onun zənginliklərinə və lütfünə hörmət edirdilər. Bu gün qarşıdan gələn yeni ildə rifahı, çətinliklərdən və xoşagəlməzliklərdən qurtulmağı simvolizə edən müxtəlif rituallarla zəngindir. Əvvəllər kəndlərdə hər ailə ailə üzvlərinin sayına görə evlərinin damında məşəl yandırardı. Ölkənin ən məhsuldar torpaqlarından birinə sahib olan Ağdamda isə 27 il idi bayram vaxtı heç bir tonqal yandırılmır, heç bir şənlik keçirilmirdi. Ancaq Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı bərpa edəcəyik və dünyanın inkişaf etmiş bölgələrindən birinə çevirəcəyik. Ağdam hələ bizi bütün qonaqpərvərliyi ilə qarşılayacaq! Bu, Şakir Ağayevin doğma şəhərindən ayrılarkən yaranmış əminlik idi.

Murad Əliyev

.