Qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün təlimlər “uyğun zamanda” keçiriləcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, taktiki nüvə silahı təlimlərinin keçiriləcəyi konkret tarixləri açıqlamayıb.

"Ali Baş Komandanın əmri var, o, müvafiq vaxt çərçivəsində yerinə yetiriləcək", - deyə Kremlin sözçüsü vaxtla bağlı dəqiqləşdirmələri Rusiya Müdafiə Nazirliyinə istiqamətləndirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi prezidentin tapşırığına əsasən, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı aviasiya və Hərbi Dəniz Qüvvələrinin cəlb edilməsi ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə yaxın vaxtlarda taktiki nüvə silahı təlimlərinin keçirilməsinə hazırlığa başlanılması barədə məlumat yayıb.

Vladimir Putin qeyri-strateji nüvə silahlarının istifadəsinin sınaqdan keçirilməsi üzrə təlimləri qeyri-adi heç nə olmayan planlı fəaliyyət adlandırıb. O, həmçinin bildirib ki, təlimlər üç mərhələdə keçiriləcək, ikinci mərhələdə Belarus da Rusiyaya qoşulacaq, çünki Belarus ərazisində qeyri-strateji nüvə silahları yerləşdirilib.

.