
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasındakı gərginliyi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.
Məlumatı Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Qeyd olunub ki, söhbət əsnasında İsrail və İran arasındakı silahlı toqquşma, ikitərəfli münasibətlər və digər regional məsələlər gündəmə gətirilib.
Ərdoğan İsrailin İrana hücumu ilə başlayan gərginliyin bütövlükdə bölgənin təhlükəsizliyini riskə atdığını, İsrailin baş naziri Benyamin Netanyahunun hüquqazidd mövqeyinin beynəlxalq sistem üçün aşkar təhdid xarakteri daşıdığını dilə gətirib.
O, eyni zamanda, regionun yeni bir müharibəyə hazır olmadığını da rusiyalı həmkarının nəzərinə çatdırıb.
Türkiyə lideri ölkəsinin münaqişənin başladığı ilk gündən hücumların dayandırılması üçün diplomatik səylər göstərdiyini və məsələnin həll yolunun yalnız diplomatiyadan keçdiyini söyləyərək, tərəflərin təxirə salınmadan danışıqlar masası arxasına qayıtmasının vacib olduğunu sözlərinə əlavə edib.
O deyib ki, bununla İsrail diqqəti Qəzzada baş verən soyqırımdan yayındırmaq məqsədi güdür.
Onun qənaətincə, bu hadisələr İsrailin həm də bölgədəki hadisələrə qarışmağa cəhd göstərmək ehtimalını artırır.
Kreml rəhbəri isə silahlı toqquşmanın dərhal dayandırılması və diplomatiyaya yer verilməsi məsələsində türkiyəli həmkarı ilə ortaq fikirləri bölüşdüyünü bəyan edib.
.