
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəz barədə məlumat verdi.
Bildirildi ki, İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək. Burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb.
Mərkəzin elektrik təchizatı üçün “Yevlax” yarımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Dəliməmmədli”, “Kürəkçay”, “Ağdaş”, “Ağsu”, “Tərtər” və “Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib. Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır. Mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılması imkanı yaradılıb. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir. Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
***
12.04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
.