Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb.
Bu barədə "AzPolitika.info”ya məlumat hərbi mənbələrdən daxil olub.
Virtualaz.org xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Nazirlikdən verilən məlumata görə polkovnik Yaqub Əhmədov "xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə” işdən çıxarılıb.
"AzPolitika” dəqiqləşdirib ki, polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin "vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Mənbə polkovnik Yaqubovun 3.3 milyon dollarlıq hansısa gizli sövdələşməyə görə işdən çıxarıldığını deyib, ancaq təfərrüatları açıqlamayıb. Gözlənilir ki, onu tezliklə həbs edəcəklər.
Roqozin martın əvvəllərində Bakıya qəfil səfər edib. "Kommersant” iddia edib ki, Roqozinin və onu müşaiyət edən "Rosoboroneksport”un nümayəndələrinin qəfil səfərində məqsəd Azərbaycanın Rusiyadan sifariş verdiyi silahlara görə ödənişləri gecikdirməsidir. Belə ki, sifariş verilən texnika yola salınıb, ancaq pulu ödənilmədiyindən sifarişçiyə təhvil verilmir.

.