İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İslam Respublikasının İsraillə 12 günlük müharibə zamanı həyata keçirdiyi cavab tədbirləri "regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını alıb".

Yenizaman İRNA-ya istinadən xəbər verir ki, Pezeşkian belə bəyanatla Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edib.

O, iclasa videokonfrans rejimində qatılıb.

Pezeşkianın sözlərinə görə, İran BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub:

"Əgər İran cavab zərbələri endirməsəydi, bu, regionda tammiqyaslı və nəzarətsiz müharibəyə səbəb ola bilərdi. Bu təcavüz İranla ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı birbaşa olmayan danışıqların qızğın vaxtında baş verdi. İranın dinc məqsədli nüvə obyektlərinə hücum edildi" - o qeyd edib.

Prezident ölkənin yüksək rütbəli hərbçilərinin İsrail tərəfindən öldürülməsini xidmət yerindən kənarda hərbçilərə qarşı cinayət xarakterli əməliyyatlar adlandırıb.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət, xüsusilə, BMT Təhlükəsizlik Şurası, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müharibəni başlatmış İsrailə qarşı daha aydın mövqe tutmalıdır.

.