Pentaqon Rusiya üzərindən Əfqanıstana daşınan yüklərin Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldilməsi üçün təcili planlar qurur. Bu barədə Senatdakı dinləmələrdə Birləşmiş Ştatların Nəqliyyat və Hava Səfərbərliyi Komandanlığının rəhbəri general Pol Selva bildirib.
General deyib ki, əgər Rusiya öz ərazisindən Əfqanıstana yüklərin daşınmasını qadağan etsə, o zaman Pentaqon alternativ marşrut kimi bu yükləri Azərbaycan və Gürcüstandan keçən dəhlizə yönəldəcək.
Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı senator Kelli Ayotte generala belə sual verib: "Hazırda Birləşmiş Ştatlar Rusiyanın Krımla bağlı mövqeyinə cavab olaraq bu ölkəyə qarşı sanksiyalar hazırlayır. Əgər ruslar bu sanksiyalara cavab addımları atsalar və nəticədə bizim Şimal nəqliyyat dəhlizinə çıxışımız bağlansa, hansı tədbirləri görməyə hazırlaşırıq?”.
Generalın cavabı belə olub: "Bu məsələ bizim prioritetlərimizdən biridir. Əgər ruslar bizim Şimal dəhlizinin seqmentinə çıxışımızı məhdudlaşdırsalar, Əfqanıstana və geriyə yükləri daşımaq üçün başqa variantlarımız var”.
P.Selva deyib ki, hazırda Əfqanıstana və geriyə yüklərin, məsələn, ərzaqların təxminən 20 faizi Rusiyadan keçən dəhlizlə daşınır. Ona görə də ruslar yolu bağlasa, bu yüklər başqa alternativlə daşınacaq.
General alternativin Gürcüstan və Azərbaycandan keçən cənub nəqliyyat dəhlizindən ibarət olduğunu deyib.
.