Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin paytaxtda keçirdiyi əməliyyatlarla saxlanılan 3 nəfərdən 24 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İdarənin əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. Tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar.

Qeyd edilib ki, onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

"Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə bildirilib.

.