Dekabrın 27-də Milli Məclisin payız sessiyasının son iclası keçirildi. Spiker Oqtay Əsədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə deputatları təbrik etdikdən sonra cari məsələlər ətrafında müzakirələrə keçildi.
Deputat Fərəc Quliyev bahalaşma dalğasının ardınca minimum əmək haqlarının artırılmasını təklif etdi: "Yanacağın qiyməti artdıqdan sonra ölkədə istehlak səbətinin dəyəri icbari ödənişlər ucbatından qalxıb. Ona görə də yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı yenidən tənzimlənməli, məbləğ qaldırılmalıdır. Hesab edirəm ki, bu məsələyə mütləq baxmaq lazımdır”.
Deputat Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla bağlı da danışdı: "Bu kateqoriyadan olanlara verilən müavinət keçən ilin may ayından dayandırılıb. Paradoks odur ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştirakçılarına bu müavinət verilir. Amma, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan zabitlərə bu şamil olunmur. Məncə, bu paradoks aradan qaldırılmalı və müavinət hər kəsə verilməlidir”. F.Quliyev Azərbaycanda Aİ-98 markalı benzinin qiymətini tənzimləməyə çağırdı: "Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir - 1 litrinin qiyməti 1 manat 50 qəpik, yəni 1,4 avrodur . Moldovada bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Rusiyada isə 0,78 avroya satırlar. Azərbaycan hökuməti bu benzinin qiymətini tənzimləmir. Aİ-98 markalı benzini neft məhsulu olduğuna görə tənzimlənən məhsullar kateqoriyasına daxildir və deməli, onun da qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənməlidir”.
Zahid Oruc çıxışında "Binə” ticarət mərkəzində baş verən növbəti yanğından danışdı: "Bu proseslər belə təsəvvür yaradır ki, yanğın hadisələri texniki nasazlıqdan baş vermir: ”Sanki 17-ci ildəki kimi bolşeviklərin iqtisadi sabotajını törədirlər. Nəinki "Binə”də, ümumiyyətlə, bu kimi qurumlarda hüquqsuzluq hökm sürür. Gündəlik, həftəlik şərtlər dəyişir. İqtisadi İnkişaf Nazirliyinə müraciət edirəm ki, ticarət mərkəzlərində monitorinqlər aparsın, bununla bağlı ölkə prezidentinə hesabat hazırlasın". Z.Oruc Azərbaycan hökumətini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (Varşava bürosu) ilə əməkdaşlıqdan imtina etməyə də çağırdı. Deputat büronun 9 oktyabr prezident seçkisi ilə bağlı yekun rəyini pislədi. Varşava bürosunu casus yuvası adlandıran Z.Oruc dedi ki, 220 nəfərin mövqeyi bütövlükdə seçkini izləyən müşahidəçilərin mövqeyi deyil: "Varşava bürosu Azərbaycanda özünə QHT-lərdən ibarət casus şəbəkəsi yaradıb və onlar vasitəsilə informasiya əldə edir. ATƏT-in Minsk Qrupu nədirsə, Varşava bürosu da odur. Əslində onlar casus şəbəkəsidir. Mən Azərbaycan hakimiyyətini ATƏT-in Varşava Bürosu ilə əməkdaşlıqdan imtinaya çağırıram”.
Çingiz Qənizadə şəhərdə tıxac probleminin həll etmək üçün yeraltı dayanacaqların tikildiyini, ancaq bu dayanacaqlarda qiymətlərin xeyli baha olduğunu bildirdi və gənclərin ona ünvanladığı müraciəti parlamentə çatdırdı: "Ərazidə yaşayan sakinlər isə hər gün üçün 10 manat pul ödəyir. 6 saatdan yuxarı maşını saxlamaq üçün 6 manat pul ödənilməlidir. Gənclər müraciət edib deyir ki, ayda 150 manat pul ödənilməlidr. O ərazidə daimi yaşayan sakinlər isə ayda 300 manat ödəməlidir. Dünyanın heç yerində belə şey yoxdur. Kimsə burda pul qazanacaq, insanları soyacaqsa, buna yol vermək olmaz".
O.Əsədov isə "bunu bazar özü bunu tənzimləyəcək, özəl təşkilata biz nə deyə bilərik. Amma bu barədə danışarıq” dedi.
Rövşən Rzayev Qarabağ məsələsindən danışdı. O, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında dialoqun baş tutması üçün çalışdıqlarını dedi və parlamentdən də bu prosesə dəstək olmasını xahiş etdi.
İqbal Ağazadə qarşıdakı bayramlarla əlaqədar xalqa təbriklərini çatdırandan sonra siyasi məhbuslar məsələsini qaldırdı: "Tanınmış vəkil Qurban Məmmədov 3 il azadlıqdan məhrum olunub. Onun üzünə duran şəxs guya əlil idi. Ancaq mətbuat bu barədə iddiaların yalan olduğunu sübuta yetirdi. Prokuror Yadigar Sadıqov guya kiməsə fiziki işgəncə verdiyinə görə 7 il iş istəyib. Amma işdə heç bir həkim rəyi yoxdur. Yaxud İsmayıllı hadisələrinə görə həbs olunanlar, NİDA-çıların işləri də eyni vəziyyətdədir. İsmayıllı hadisələrində yanğının qarşısını alan bir şəxsi də həbs edib iş veriblər. İsmayıllı məhkəməsində tutulanlardan biri deyir ki, mənə polis rəisi Çevik Polis Alayının nümayəndələri yanğının qarşısını aldığıma görə minnətdarlıq ediblər. Ancaq onu tutub həbsxanaya salıblar. Yaxud Tofiq Yaqublu jurnalist kimi baş verənləri araşdırmaq üçün İsmayıllıya gedib, həbs olunub. Hesab edirəm ki, bu ərəfədə əfv və ya amnistiya aktı ilə həmin insanların azad edilməsi həmrəyliyin bir nümunəsi olardı. Həmrəylikdən çox danışmaq olar. Amma Azərbaycana gerçək həmrəylik arzulayıram”.
O.Əsədov isə İ.Ağazadəni həm vəkil, həm prokuror, həm də hakim kimi danışmaqda ittiham etdi: "Hörmətli İqbal bəy, həmrəylikdən danışdın, amma bir addım siz də addım atın da həmrəyliyə doğru. Hansı müxalifət qəzetini açırsan, ancaq qızışdırıcı yazılar olur. Bir az özünüz də həmrəy olmalısınız”.
Qənirə Paşayeva bildirdi ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var və bu istiqamətdə qanunvericilik və icra orqanları səviyyəsində ciddi addımlar atılmalıdır: "Məşğulluq haqqında qanuna görə iş yerlərinin sayı 20-dən artıq olan müəssisələrdə əlillərin işlə təminatı üçün kvota qoyulub. Bu kvota işçilərin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3%, işçilərin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4%, işçilərin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5%-ni təşkil etməlidir. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına ciddi ehtiyac var. Ən azı bu cərimələrin həcminin çox olması həmin qurumları və şirkətləri əlilləri işə götürməyə məcbur edə bilər”. Q.Paşayeva əlillərin işlə təminatı sahəsində kvota daxilində əlillərin faizinin aşağı düşdüyünü də vurğuladı: "Ona görə də qanuna yenidən baxaraq, kvotanın artırılması istiqamətində addımlar atmalıyıq ki, əlillərin işlə təminatına qanunvericiliklə daha çox dəstək verə bilək. Bir sözlə, əlillərin işlə təminatı, məşğulluğu sahəsində öz həllini gözləyən bir sıra çox ciddi məsələlər var və biz qanunvericilik orqan olaraq bu istiqamətdəki bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməyə çağırıram”.
Adil Əliyev Bakının də həmkarlarını narahat edən problemlərdən ümumi şəkildə danışdı. Dedi ki, bu məsələlər onu da narahat edir.
Musa Qasımlı Azərbaycanın 2014-cü ilə böyük imkanlar və uğurlarla adladığını dedi.
Deputat İlham Əliyev müəyyən problemlərin olduğunu deməklə yanaşı, 2013-cü ilin çox uğurlu keçdiyini bildirdi. Seçildiyi Xaçmaz rayonunun problemlərindən, xüsusilə də gətirilən gübrənin keyfiyyətinin aşağı olmasından danışan İ.Əliyev bu sahədə vəziyyətin yaxşılaşdırılacağına ümid etdiyini dedi.
Fəttah Heydərov həmrəylik günü və Yeni illə bağlı xalqa təbriklərini çatdırmaqla bərabər Azərbaycanın 2013-cü ildə böyük uğurlara imza atdığını söylədi və ölkə başçısına növbəti illərdə uğurlar arzuladı: "Bizim həmrəyliyimiz iqtisadi və siyasi arenada öz nəticələrini verdi”.
Hüquq siyasəti dövlət komitəsinin sədri Əli Hüseynli ombudsmanın, Konstitusiya Məhkəməsi sədri və digər məhkəmə instansiyaları hakimlərinin əmək haqqının artımını nəzərdə tutan qanun layihəsini təqdim etdi. Layihəyə görə ombudsmanın əmək haqqı 1800 manatdan 2525 manata qaldırılır. Ancaq bu, Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra növbəti səsvermə keçiriləcək. Bununla belə qanunun tətbiqinə dekabrın 1-dən başlanılacaq. Konstitusiya Məhkəməsi sədrinin əmək haqqı 1785 manatdan 2220 manata, Ali Məhkəmə sədrinin maaşı isə 1785 manatdan 2025 manata qaldırılır. Digər hakimlərin əmək haqqı bu rəqəmlərə uyğun olaraq hesablanır.
Bəxtiyar Əliyev dedi ki, qanun qüvvəyə minmədən onun tətbiqi müəyyən fikirlər yarada bilər.
Fazil Mustafa layihədəki təzada diqqət çəkdi: "Qanun dekabrın 1-dən tətbiq olunur, amma 6 aydan sonra Konstitusiya qanunu olduğundan təkrar səsə qoyulmalıdır. Səsə qoyuldu və qəbul olmadı, onda necə olacaq, maaş gerimi qaytarılacaq? Maaş artımının tərəfdarıyam. Amma bu qədər hüquqa zidd formada maş qaldırmaq düzgün deyil”.
Ə.Hüseynli isə burada hüquqi ziddiyyətin yaranmadığını dedi: "Səsə qoyuruq, amma o, qüvvəyə minmir. Amma artımla bağlı müddəa dekabrın 1-dən tətbiq olunacaq”.
O.Əsədov isə "burda qeyri-qanuni nə ola bilər ki” deyə, qanun layihəsini səsverməyə çıxartdı. 103 lehinə, 3 əleyhinə olmaqla qanun qəbul olundu.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə” sənədin müzakirəsi zamanı bildirildi ki, sənəd faktiki olaraq 10 il əvvəl imzalanmış sazişin müddətinin daha 5 il uzadılmasını nəzərdə tutur. Birinci vitse-spiker Ziyafət Əsgərov təqdim etdi.
Asim Mollazadə çıxışında dedi ki, Azərbaycan dövləti hər zaman silahlı qüvvələrinin gücü ilə qürur duymalıdır: "Azərbaycan öz ordusunu gücləndirir, ancaq Azərbaycan xalqının arzusu və istəyi sülhdür. Bu gün Qarabağ icmasının nümayəndəsi erməni icması ilə danışıq aparmaq üçün parlamentdən dəstək istədi. Bu, onu göstərir ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinə tərəfdardır”.
Zahid Oruc bütün iclasların yetərsayın olması ilə keçirilməsini köhnəlmiş, sovet dövründən qalma müddəa saydı. Dedi ki, dünya parlamentlərində sadə səsvermə üsulu tətbiq olunur: "Fransa Senatı Türkiyə əleyhinə qərar qəbul edəndə 450 deputatdan cəmi 103-ü iştirak edirdi. Biz də bəzən mətbuat orqanları üçün gərəksiz səhnəni yaratmayaq. Kim istəyirsə, gəlib müzakirələrdə iştirak etsin və səsverməyə qatılsın”. Z.Oruc gələcəkdə bu məsələyə baxılmasını istədi.
Aqil Abbas dedi ki, son zamanlar onu həbsxanalara tez-tez dəvət edirlər. O, dustaqların iştirakı ilə çəkilən və komitə sədri Əli Hüseynlinin layihəsinin tərkib hissəsi olan "Rezonans” verilişi ilə bağlı məhbusların xoş sözlərini çatdırdı.
Əmək Məcəlləsində dəyişiklikləri nəzərdə tutun layihə haqqında danışan Elmira Axundova sahibkarların əmək müqaviləsi imzalamadan və vergidən yayınmalarının səbəblərini araşdırmağa çağırdı. Dedi ki, sahibkar işçilərə görə vergi və əmək pensiyasına görə yüksək ödəniş ödəməli olduğu üçün müqavilə imzalamır: "Hazırda 14 faiz vergi ödənişi, 25 faiz də pensiya fonduna ödəniş nəzərdə tutulur. Odur ki, bu faizlərin aşağı salınmasına ehtiyac var”.
Qənirə Paşayeva dedi ki, neçə illərdir bu mövzuda danışılsa da, əmək pensiyası olmadan minlərlə insan çalışdırılır. Həm işçilərin həyatı təhlükə altında qalır, həm də dövlət büdcəsi xeyli vəsait itirir.
Siyavuş Novruzov dedi ki, elə Əmək Müqaviləsinin ən böyük şərti orada əmək haqqının göstərilməsidir. O da dəyişiklikləri təqdir etdi və 95 lehinə, 1 əleyhinə olmaqla layihə qəbul edildi.
İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edildi. Yenilik Əmək Məcəlləsinin tələblərini pozanların məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Bundan sonra əmək müqaviləsi olmadan fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə ediləcək.
Sessiyada körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun layihəsi də müzakirə edildi. Layihəyə əsasən qeyd olunan qurumlar gələn il yanvarın 1-dən etibarən 10 il müddətinə vergi ödəməkdən azad edilirlər. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, bu qanun özəl sektorun yeni bağçalar açmasını stimullaşdıracaq: "Hazırda ölkədə uşaq bağçalarının 40 faizi özəl sektorun payına düşür. Layihənin qəbulundan sonra isə bu rəqəm daha da artacaq. Ölkədə 1-5 yaşlı uşaqların yalnız 15 faizi uşaq bağçaları və körpələr evinə cəlb olunur”.
Aytən Mustafayeva dedi ki, Nəsimi rayonundakı bağçadakı dözülməz vəziyyətdən danışdı: "Mən bu bağçada 30 dəqiqə oturdu. Bundan artıq otura bilməzdim, donardım. Belə şəraitdə uşaqlar necə qala bilər? Bağçalarda vəziyyət bərbaddır. 132 saylı bağçanın direktoru dedi ki, Heydər Əliyev Fondu yazda bağçanı təmir edəcək. Bəs dövlət qurumları nə ilə məşğuldur?”
S.Novruzov tikinti sektorunun bağça tikintisinə marağını artırmaq üçün bu sektora güzəştlərin edilməsini də təklif etdi.
"700-900, 1000 manat olan bağçalar var” deyə, S.Novruzov durumdan bəhs etdi.
Yaşıllıqların mühafizəsi ilə bağlı qanun layihəsini Eldar İbrahimov təqdim etdi.
Yekunda deputat Sevinc Hüseynova Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa təbrikini oxudu. Dövlət himninin səsləndirilməsindən sonra payız sessiyası öz işini başa vurdu və parlament fevralın 1-dək qış tətilinə getdi.
.