“Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin keçilməsi məsələsində Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü nəzərə almaq lazımdır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bütün razılaşmalar o cümlədən bu amil nəzərə alınmaqla qurulur.

Overçuk qeyd edib ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün birmənalı olaraq müsbətdir:

“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə hərəkət imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək”

Overçukun sözlərinə görə, bu qarşılıqlı hərəkət, ticari və humanitar əlaqələrin inkişafı və nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlamağa imkan verəcək.

“Biz bunun baş verməsi üçün çalışırıq”, - deyə rusiya Baş nazirinin müavini sözlərinə əlavə edib.

Rusiya Azərbaycanla Ermənistan arasındakı “eksterritorial dəhliz” məsələsinə aydınlıq gətirib

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan sərhədinin hüquqi rejiminin müəyyən olunmasından sonra mümkündür.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ildən az müddətdə böyük işlər görülüb:

“Nəticədə danışıqların iştirakçıları marşrutlar haqqında təsəvvürə sahibdirlər ki, həmin marşrutların həyata keçirilməsi regionun blokdan çıxarılmasına gətirib çıxara bilər. Lakin yolların açılması və ya tikintisi yalnız tərəflər, ölkələr arasında sərhədin hüquqi rejimini müəyyən etməsindən, eləcə də bu yollarda hərəkəti dəqiq müəyyən etdikdən sonra mümkündür.”,- deyə Overçuk bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı bu rejimin müəyyənləşdirilməsinə yanaşmaların əsasını təşkil edən prinsipin işlənib hazırlanması vacibdir.

“Prinsip belədir: Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, Əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur”, - deyə o bildirib.

Overçuk Rusiyanın hər zaman tərəflərin suverenliyi prinsipini dəstəklədiyini söyləyib:

“Bu, üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının mövqelərində açıq şəkildə dayanır. Bu, o deməkdir ki, Üçtərəfli İşçi Qrupun danışıqlarında hər hansı bir şəkildə tərəflərin suverenliyini pozan heç bir “ərazidənkənar dəhliz” (eksterritorial dəhliz) dən söhbət getmir və gedə də bilməz.

Praktikada bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə blokdan çıxarılmış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri olacaq. Məsələn İrandan Ermənistana daxil olarkən aparılan qayda ilə eyni olacaq.

Eynilə, Ermənistandan Azərbaycana girişdə pasport nəzarəti olacaq.”,-deyə o bildirib.

Bundan əlavə, tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq avtomobil yollarından istifadəyə görə haqqın ödənilməsi, o cümlədən bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən keçməsinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilir:

“Görünən odur ki, bu gün bütün tərəflər, heç bir tərəfin suverenliyinə pozmadan bu məsələlərin praktiki şəkildə həyata keçirilməsinin mümkünlüyünü anlayırlar. Lakin danışıqlar o zaman başa çatacaq ki, bütün hüquqi aspektlər nəzərə alınsın, heç nə unudulmasın və heç kim əldə olunan nəticəni qarşı tərəf üzərində qələbə kimi şərh etməksin-bütün bunlara tam əmin olduqda danışıqlar başa çatacaq. Danışıqların uğurla başa çatması bütün iştirakçılarının ümumi qələbəsi olacaqdır”.

Rusiya Baş nazirinin müavini: “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir”

“Cənubi Qafqaz regionunda mövcud olanların heç birinə münaqişə lazım deyil”.

Bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində regionda gərginlik davam etməsi fonunda Üçtərəfli İşçi Qrupun işi necə gedir sualına cavabında bildirib.

“Cənubi Qafqaz öz tarixi boyu sivilizasiyaların və ticarət yollarının kəsişdiyi yer, faktiki olaraq Avrasiyanın geoiqtisadi qovşağı olub. Əsas olanı görmək vacibdir - regionda olanların heç birinə münaqişə lazım deyil, hamı kommunikasiyaların inkişafında maraqlıdır və bu prosesdə iştirak etmək istəyir”.

Overçuk bildirib ki, Üçtərəfli İşçi Qrupu Ermənistanla Azərbaycan arasında baş verən hadisələrdən təcrid olunmuş şəkildə işləyə bilməz.

Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir.

“Tərəflərdən biri üçün qəbuledilməz olan terminologiyadan hər dəfə istifadə danışıqlar prosesini ləngidir.

Yeni iştirakçılar bəlkə də xoşniyyətlə ora daxil olmağa çalışdıqda proses yavaşlayır.

Hər dəfə bu baş verəndən sonra danışıqlarda fasilə yaranır və vəziyyət bir qədər sakitləşib aydınlaşana qədər gözləmək lazım gəlir.

Həmkarlarımla daimi ünsiyyətdən bilirəm ki, hər iki tərəf səmimi şəkildə anlayır və sülh və firavanlığa can atırlar”,- deyə Overçuk bildirib.

Rusiya hökumət başçısının müavini bildirib ki, indiki halda qonşularla münaqişədə yaşaya-yaşaya sülhə nail olmaq mümkün deyil.

Onun sözlərinə görə, sentyabr faciəsindən dərhal sonra hər iki tərəfdən danışıqlar aparan baş nazirin müavinləri ilə görüşlər baş tutub.

“Hadisələrin belə inkişafını tərəflərdən heç biri istəməyib, lakin gərginlik və etimadsızlıq o həddədir ki, tərəflərin hər birinin ehtiyatsız hərəkəti heç kimin istəmədiyi nəticələrə gətirib çıxara bilir.
Üçtərəfli İşçi Qrupu formatında işin əvvəlindən Rusiya tərəfinin müzakirə olunan bütün məsələlərə yanaşması son dərəcə birmənalı və aydın idi: danışıqlar yolu ilə üç ölkə liderinin razılaşdırdığı məqsədə nail olunmasını təmin etmək. Bu yanaşma belə də qalır”, - deyə rusiyalı həmsədr vurğulayıb.
 

.