"Qrant əldə etmiş özəl bağçalar üzrə sənədlərin qəbulu yekunlaşıb. Uşaqların qeydiyyatının gələn aylarda başlanması nəzərdə tutulur".

Bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O bildirib ki, hazırda təqdim olunan sənədlərin təhlili aparılır: “Bu mərhələ başa çatdıqdan sonra müsabiqədə iştirak edən bağçalar üzrə növbəti mərhələ - uşaqların qəbulu prosesinə başlanılacaq. Ondan sonrakı aydan etibarən isə uşaqlar bağçalarda təhsillərini davam etdirəcəklər. Qrant layihəsi çərçivəsində hazırda özəl bağçalarda, ümumilikdə, 1300 uşaq təhsilə cəlb olunub”.

Sektor müdiri qeyd edib ki, ilkin təhlillərə əsasən, uşaqların məktəbəqədər təhsilə cəlb olunması dekabr ayında mümkün olacaq: “Sistem hər kəs üçün açıq olacaq. Biz əvvəlcədən hər bir bağçada mövcud olan boş yerlərlə bağlı ictimaiyyətə məlumat verəcəyik. Proses tam şəffaf şəkildə həyata keçiriləcək. Valideynlər yaratdıqları şəxsi kabinet vasitəsilə həm bağçanı seçə, həm də təhsil haqqı barədə məlumat ala biləcəklər. Əgər valideynin övladı hazırda dövlət bağçasında təhsil alır və onu özəl bağçaya keçirmək istəyirsə, bu da mümkün olacaq. Bu halda dövlət bağçasında boşalan yer növbədə olan başqa bir uşaq üçün ayrılacaq. Bütün proses elektron qaydada həyata keçiriləcək”.

Qrant qazanan özəl bağçaların aylığı 500 manatdan çox olmamalıdır

"Biz özəl bağçalar üçün ayrılan məbləği konkretləşdirmişik. Dövlət hər bir uşaq üçün aylıq 250 manat təhsil haqqını qarşılayır".

Bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O bildirib ki, dəyişən hissə isə bağçaların müəyyən etdiyi ümumi təhsil haqqıdır: “Bəzi özəl bağçalarda bu məbləğ 300, 400 və daha artıq ola bilər. Lakin məbləğdən asılı olmayaraq, dövlət yalnız 250 manatını ödəyir. Qrant müsabiqəsində iştirak edən özəl bağçaların aylıq təhsil haqqı isə 500 manatdan çox olmamalıdır”.

.