2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 48 978 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 39 115 mln. manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 mln. manatı POS-terminallar, 70.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib.

Ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə, elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6% artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 24 170.5 mln. manat, elektron ticarətin həcmi 18 333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 mln. manat təşkil edib.

Qeyd edək ki, 2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müayisədə 24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq əməliyyatlar həyata keçirilib.

.