Bəzi bölgələrdə kitab mağazaları, demək olar ki, yoxdur.

Bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq kitab sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sərgi çərçivəsində ümumilikdə 250-dən artıq tədbirin təşkili nəzərdə tutulur:

"Ən azı 35 imza günü və müxtəlif tədbirlər keçiriləcək. Bu, ədəbiyyatın inkişafına xidmət edəcək. Mən milli yaddaş üzərində xüsusi dayanmaq istəyirəm. Bizim əsas hədəflərimizdən biri bölgələrdən gələn nəşrləri sərgiləməkdir. Çünki bəzi bölgələrdə kitab mağazaları, demək olar ki, yoxdur.

İkinci tərəfdən, düşünürük ki, tirajı az satılan bəzi kitabları nəşriyyatlardan alaq. Məqsəd odur ki, gənc yazıçılar, gənc şairlər, gənc ədəbiyyatçılar ədəbiyyata gəlsinlər. Çünki heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin kitabını çap etmək istəmir. Ona görə də biz Mədəniyyət Nazirliyi olaraq belə kitabların müəyyən bir hissəsini alaraq həmin müəlliflərin ədəbiyyata gəlişini dəstəkləməyi düşünürük".

O.Fikrətoğlu, eyni zamanda, hüquq məsələləri, müəllif hüquqları, nəşriyyat münasibətləri ilə bağlı problemlərin də olduğunu bildirib: "Biz nazirlik olaraq bu sahəyə dəstək göstərməli və onların həllini təmin etməliyik".

.