
Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqi sayılır. Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir və bu səbəbdən Serj Sərkisyan iqtidarının istefaya getməsinin zəruriliyini bəyan edirlər.
Növbəti belə aksiya Ermənistanın Gümrü şəhərində keçirilib. "Təsisedici parlament” təşkilatının keçirdiyi mitinqdə Ermənistan hakimiyyətinin ünvanına ciddi ittihamlar səsləndirilib. Sözügedən təşkilatın nümayəndəsi Qaregin Çuqaszyan bildirib ki, bu gün Ermənistanda cəmi iki milyon əhali yaşayır: "Halbuki əvvəllər Ermənistanın 4 milyon əhalisi var idi. İndi isə 6 milyon olmalı idi. Ölkə boşalıb, ciblər boşalıb”.
Ermənistan mediası da repressiv şərait, ağır sosial-iqtisadi durum üzündən ölkəni tərk edənlərin sayının sürətlə artdığını bildirir. "Haykakan jamanak” qəzeti yazır ki, təkcə 2014-cü ildə Ermənistanın 5 min 242 vətəndaşı dünyanın 44 ölkəsindən siyasi sığınacaq istəyib. Qəzet bu rəqəmlərin BMT məruzəsindən götürüldüyünü bildirir. O da qeyd edilir ki, 220 nəfər bu istəyinə dərhal çatıb. Qalan müraciətlər isə araşdırma mərhələsindədir. Qəzet bildirir ki, BMT məruzəsinə görə, son iki ildə Ermənistandan siyasi sığınacaq üçün 10 min vətəndaş müraciət edib. Siyasi miqrasiya ilə yanaşı, Ermənistandan iqtisadi mühacirət də artıb. 2014-cü ildə Ermənistandan mühacirət 4 min nəfər artaraq 47 minə çatıb. Bunun nəticəsidir ki, Ermənistanda boş qalmış kəndlərin sayı yüzlərlə ölçülür.
Vəziyyətdən çıxış üçün hakimiyyətin heç bir siyasəti olmadığından Ermənistandakı sosial, iqtisadi və siyasi böhranın dərinləşməsi daha geniş vüsət alır. Belə bir vaxtda erməni mediasının yazdığına görə, inhisarçı qruplar üzündən son günlərdə ərzaq məhsulları yenidən bahalaşıb.
Ermənistan ictimaiyyətini qorxuya salan başqa bir məsələ isə Rusiya iqtisadiyyatındakı proseslərin işğalçı ölkəyə kəskin təsiri ilə bağlıdır. Xüsusən də rus rublunun dəyərinin dollarla müqayisədə aşağı həddə düşməsi Ermənistan əhalisi üçün ciddi problemlər yaradıb. Belə ki, rublun dəyərdən düşməsi nəticəsində Rusiyadan Ermənistana pul köçürmələrinin kəskin azalması müşahidə olunur.
Hesablamalara görə, fiziki şəxslərin Ermənistana maliyyə köçürmələrinin 80 faizi Rusiyadan göndərilir. İl ərzində Rusiyadan təkcə bank sistemi ilə göndərilən maliyyə vəsaitinin həcmi az qala Ermənistanın dövlət büdcəsinə bərabər olurdu. Ona görə də Rusiyadan göndərilən pulların azalması Ermənistan əhalisi üçün fəlakətə çevrilməkdədir.
Bütün bunların fonunda Ermənistanda yeni etiraz aksiyalarının başlanılması gözlənilir. Yaranmış durumdan istifadə etməyə çalışan müxalifət Sərkisyan hökumətinə qarşı təzyiqləri artıracağını bildirib.
Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqçuların valideynlərinin Prezident Administrasiyasının və digər dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır. Etirazçılar hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb edirlər. Son belə aksiyada övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə hökumət birbaşa məsuliyyət daşıyır.
Bu arada Ermənistan ordusunun son günlərdə verdiyi itkilər, həmçinin erməni əsgər Andranik Qriqoryanın Azərbaycan tərəfinə keçməsi böyük narazılığa yol açıb. Parlamentin deputatı, general Seyran Saroyan məsələ ilə bağlı əsas günahı prezident Serj Sərkisyanda görüb. O, Ermənistan ordusunun zəif olduğunu vurğulayıb: "Güclünün yanında zəif həmişə günahkardır”.
Xatırladaq ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb. İlkin dindirmədə Andranik Qriqoryan çox maraqlı məqamlara toxunub: "22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var”.
Bütün bunlar Ermənistan ordusunda hansı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, hakimyyyətə qarşı etiraz aksiyalarının da genişlənməsinə, ölkədə situasiyanın daha da gərginləşməsinə rəvac verir. ("Azərbaycan” qəzeti).