Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.

Qeyd edilib ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib.

Vuyrğulanıb ki, BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.

"Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.

İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.

Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir, - məlumatda vurğulanıb.

.