Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə məlumat verib.
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb:
"Qısa müddətdə yanğın söndürülüb, digər şöbələrə yayılmasının da qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində müalicə alan küvezdə olan uşaqlar olub".
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.