“Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır”.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 05 yanvar 2021-ci il

Ümumtürk ədəbiyyatının bir qolu olan Azərbaycan yazılı ədəbiyyatının tarixi XI-XII əsrlərdə fars və ərəb dillərində yaranan ədəbi nümunələrdən başlayır. Qətran Təbrizi, Əbülüla, Xaqani Şirvani, Nizami Gəncəvinin yaratdığı poetik nümunələr farscada olsa da, türk-oğuz təfəkkürünün, türk mədəniyyətinin məhsulu idi. Şərq və dünya ədəbiyyatında fenomen mövqe tutan Nizami Gəncəvi bu təfəkkürün və mədəniyyətin Azərbaycan ədəbiyyatında ən qüdrətli siması olmuşdur.

Böyük şairin bədii irsinin öyrənilməsi tarixini zaman və məkan konteksində təhlilə cəlb edən alimlərdən biri də Yevgeni Eduardoviç Bertels olmuşdur. Nizamişünaslıqda Azərbaycan alimləri onu özlərinə ustad saymış, Nizami haqqında fikirlərini dəyərli və etibarlı mənbə saymışlar. Qərb və Şərq nizamişünaslığında şairin həyatı və yaradıcılığı, əsərləri ilə bağlı fikirləri təhlil süzgəcindən keçirən Bertels böyük şairin bədii yaradıcılığını yüksək qiymtləndirmişdir. O, şairin lirikasını, poemaları “Xəmsə”yə daxil olan müxtəlif əlyazma nümunələri əsasında təhlil etsə də, Nizami irsinin hələ də ciddi və sistemli araşdırmaya ehtiyacı olduğunu bildirmişdir.

XII əsr Azərbaycan şairi Nizami Gəncəvi − yaradıcılığı ilə hələ sağlığında maraq doğuran bir sənətkar olmuşdur. Zaman keçdikcə dünyanın müxtəlif xalqları – ingilis, rus, polyak, alman, fransız, fars və b. – Nizami şeiriyyətinə biganə qala bilməmiş, onun sehrinin, cazibəsinin səbəblərini müxtəlif aspektlərdən araşdırmışlar. Lakin Nizami düz 9 əsrdir nə qədər öyrənilmiş olsa da, bu irs tükənmir, onun barəsində yazılanlar, deyilənlər “sanki dəryadan götürülmüş bir damlaya” (E.Əlibəyzadə) bənzəyir. Təkcə ədəbiyyatşünaslar deyil, filosoflar, tarixçilər, siyasətçilər, ilahiyyatçılar, riyaziyyatçılar, təbiətşünaslar, dilçilər və bir çox elm sahələri Nizami irsindən faydalanmış, hərə öz sahəsinə, özünə aid olanı tapmış və əldə etdiklərinin qədim dövrlərdən üzü bu yana bəşəri olduğuna həqiqətin özü kimi inanmışlar.

Nizami yaradıcılığı, daha dəqiq, “Xəmsə” Y.Balasaqunlunun “Kutadqu bilik”, Ə.Yüqnəkinin “Atibət-ül-həqaiq”, Ə.Yəsəvinin “Divani-hikmət” əsərlərindəki tarixi təkamülü özündə əks etdirir. Akad. N.Cəfərov Nizami “Xəmsə”sinin fəlsəfi əsaslarının Əl-Fərabidən gəldiyini vurğulayaraq yazır: “Nizami Gəncəvi yaradıcılığı XI-XII əsrlər Azərbaycan ədəbiyyatının tarixi xarakterini ifadə edir və həmin ədəbiyyatın təşəkkülü prosesinin “məntiqini” bütün mükəmməlliyi ilə əks etdirir: Azərbaycan ədəbiyyatı qədim tarixə malik ümumtütk ədəbiyyatının “müsəlmanlaşması”, “regionallaşması” və “ümumşərq” keyfiyyətləri qazanması nəticəsində təşəkkül tapmışdır – bu isə o deməkdir ki, Azərbaycan ədəbiyyatının genezisi etibarilə “müstəqil” (yəni qeyri-türk mənşəli) hadisə olması barədəki geniş yayılmış nöqteyi-nəzərin əsası yoxdur. Və N.Gəncəvi yaradıcılığının əsasında duran etnik mənbələr, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının etnik mənbələrini təşkil edir”.

Avropa ədəbiyyatşünaslığında Georq Yakob, Vilhelm Baxer, H.Ete, P.Horn, H.Pitter, C.F.Oldenburq Nizami irsini tədqiqata cəlb etmişlər. Bu tədqiqatlarda Nizami müasirləri ilə müqayisə edilərək onlardan üstün tutulmuş, “Firdövsidən sonra İranın ikinci böyük epopeya şairi” (Krımski) adlandırılmış, “İtaliya ədəbiyyatı ilə İran ədəbiyyatı arasında qiymətli qarşılaşdırmalarda” (İ.Pittsi) Nizami əsərlərindən nümunələr verilmiş, “həyəcan, ehtiras, hüzn və kədəri ifadə etməkdə”

(C.Vilson) Şekspir və Petrarka ilə əkiz sayılmış, üslub baxımından Firdövsidən üstün tutulmuş (P.Horn), İran ədəbiyyatı simaları içərisində müstəsna mövqeyi vurğulanmaqla yanaşı, “Almaniyada və bütün Avropada heç tanınmadığı” təəssüflə (V.Baher) qeyd edilmişdir.. Gördüyümüz kimi, istər orta əsrlər, istərsə də XVIII-XIX əsrlər Qərb ədəbiyyatşünaslığında Nizami İran şairi, İran ədəbiyyatının nümayəndəsi kimi təqdim edilmiş, Firdövsidən sonra İranın ikinci böyük şairi adlandırılmışdır. Halbuki Nizamidə türklük motivləri, türklük simvolları – qüvvət, qəhrəmanlıq, gözəllik, təmizlik, doğruluq, başçılıq, dövlətçilik əsərlərinin hər sətrində özünü göstərir.

Dövlətşah Səmərqəndi, Vahid Dəstgirdi, Lütfəli bəy Azər (təzkirəçilər), M.Ə.Tərbiyət, M.Ə.Rəsulzadə Nizamini “müsəlman Şərqinin ürfan xəzinəsinə daxil olan, İran və dünya ədəbiyyatında tanınan” (M.Ə.Rəsulzadə) şair adlandırır. Qərb və Şərq tədqiqatçılarının Nizamini daha çox İran şairi kimi öyrəndikləri və onun şəxsiyyətini yalnız o ad altında tanıyanlara cavab olaraq M.Ə.Rəsulzadə yazırdı: “Əsərlərini araşdırdıqda Nizaminin fars millətçiliyindən uzaq olub türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan qayğılarla məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir”.

Nizami yaradıcılığını sistemli və dərin elmi araşdırmaya cəlb edən tədqiqatçılardan biri də Yevgeni Eduardoviç Bertels olmuşdur. Nizami mövzusu Bertelsin elmi yaradıcılığının mərkəzi kimi adlana bilər. Allimin bir çox əsərləri ona həsr olunub və bununla da Nizami və onun dövrünün öyrənilməsi işindəki əsas məsələ müəyyən dərəcədə həll olunmuş olub. Alim Nizaminin poemalarının mətinlərinin həqiqi olmasını müəyyən etmək üçün çox nəhəng olan tekstoloji iş aparmış, hər beş poemanın (çapdan buraxılıb: “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Şərəfnamə”, “İqbalnamə”) elmi tənqidçisi olmuş və nəhayət, “Şərəfnamə”nin elmi tərcüməsini həyata keçirmişdir. Tekstoloji işinin konsepsiyasını o, “Nizaminin mətnləri üzərində iş” adlı məqaləsində açıqlamışdır. Y.E.Bertels ilk dəfə olaraq Nizami şeirinin bədiiliyini onun qabaqcıl humanist məzmunu ilə sıx əlaqədə götürmüş, şəkli gözəlliklərin, poetik qəlibin arxasındakı mənanı, fəlsəfi-fikri vüsəti üzə çıxarmağa çalışmışdır. Y.E.Bertelsin Nizami irsi ilə bağlı araşdırmaları dünya nizamişünaslığında tədqiqatçılara bir çox sirlərə yiyələnməkdə başlanğıc verir.

Nizamini sistemli tədqiqata cəlb edəb alim ilk olaraq onun yaradıcılığı haqqında silsilə məqalələrini “Литературный Азербайджан” jurnalında nəşr etdirir. Bu yazılarda o, oxucuya əsas faktlar – Nizami kimdir, onun yaradıcılığı özündə nələri əks etdirir və niyə bu yaradıcılıq geniş şöhrət tapdı və s. barədə məlumat verir. 1940-cı ildə Bakıda alimin rus və Azərbaycan dillərində “Böyük Azərbaycan şairi Nizami” monoqrafiyası nəşr olunur. Monoqrafiya şairin anadan olmasının 800 illik yubileyinə həsr olunmuşdu. A.Krımski əsəri yüksək qiymətləndirərək onu “yubiley ədəbiyyatının bəzəyi” adlandırır. Monoqrafiyanı Bertels 22 ilə ərsəyə gətirmişdi. “Giriş” və 9 fəsildən ibarət əsərdə tədqiqatçı alim Nizami yaradıcılığı ilə bağlı hərtərəfli araşdırılmanı müasir elmdə mümkünsüz sayır və bunu şairin sənətkarlığının qüdrəti ilə izah edir.

Bertelsin Nizami poeziyasına marağı Şərq bədii təfəkkürünə, Şərq fəlsəfəsi və poetikasına vurğunluqdan irəli gəlirdi. Alim Nizami obrazlarının bədii gücünü, ecazkarlığını təsəvvüf elmi araşdırmalardan kənarda görür, onların dünyəviliyini, tarixiliyini, hər bir obrazın şəxsində şairin bəşəri ideyalarının əbədiliyini yüksək qiymətləndirirdi. Digər tərəfdən, Nizami yaradıcılığının öz dövründə və sonralar da geniş yayılması bir şərqşünas araşdırmaçı kimi Bertelsi cəlb edirdi.

Bertelsin Nizami ilə bağlı mülahizələri, gəldiyi qənaətlər 20-ci illərdə şərqşünaslıqda bu şair haqqında yayılmış fikirlərlərdən köklü şəkildə fərqlənirdi. Onun “insan ruhunun daxili motivlərini üzə çıxaran ən incə ruhlu, zərif sənətkarı” görməyi qəhrəmanların psixoloji təhlilinin dərinliyini görməyə imkan verirdi. Nizami yaradıcı təfəkkürünün və ideyalarının düzgün dərki, sənətkarlığının alim tərəfindən bu cür qiymətləndirilməsi Avropa ədəbiyyatşünaslığında şairin əsərlərinin dini mahiyyəti barədə köhnə fikirləri alt-üst edir, “insan ruhunun Tanrıya can atan alleqorik təcəssümü” fikrini təkzib edirdi. Lakin onu da qeyd etmək lazımdır ki, Bertels Qərb şərqşünaslığında irəli sürülən fikirləri öz tədqiqatında əsas götürürdü; Qumda anadan olduğu fikrinə şərik çıxır, Nizamini fars ədəbiyyatı tarixinə daxil edirdi. Bu, Bertelsin fars ədəbiyyatına vurğunluğundan irəli gəlirdi. Müasirlərinin dediyinə görə, Bertels, “demək olar ki, farsdilli poeziya korifeylərinin yaradıcılığı ilə nəfəs alır, çoxsaylı şagirdlərinə bu poeziyanın mənasını uzun illər boyu öyrədir, onunla sovet və xarici ölkə oxucularının geniş təbəqələrini tanış edirdi”. Lakin “Xosrov və Şirin” poemasından

danışarkən o, fars ənənəsində qəhrəmanlığın ikinci plana keçdiyini, xarakterlərin psixoloji təhlilinin əsas olduğunu qeyd etməyi də unutmur. Hər bir halda, Bertels Qərb-Avropa şərqşünaslarının bir çox məqamlarda mülahizələrinə tənqidi münasibət bildirmirdi. Bu isə Krımskinin göstərdiyi kimi, onun E.Brounun “Fars ədəbiyyatı tarixi”nə bütünlüklə istinad etməyi ilə izah olunur.

Əsərin ilk fəsli Nizami yaradıcılığının öyrənilməsi tarixinə həsr olunmuşdur. Bu fəsildə Bertels Nizami əsərlərinin əlyazmalarına – XIV əsrə aid 1, XV əsrə aid 5, XVI əsrə aid 7 əlyazmaya müraciət etdiyini, bu nüsxələri Paris Milli Kitabxanasında 2, Oksforddakı Bodlean kitabxanasında XIV əsrə aid 3 məşhur əlyazma ilə müqayisə etdiyini göstərir. Nizami mətnlərindən müəyyən hissə kimi 1786-cı ildə Kəlküttədə nəşr olunan “Asiatic miscellan'y” kitabında Bertels “Məxzənül-əsrar”ın (“Sirlər xəzinəsi”) 20 hekayətinin toplandığını qeyd edir. O, hələ 1844-cü ildə ingilis şərqşünası N.Blendin Nizaminin ilk poemasının farsca mətnini, 8 il sonra isə məşhur şərqşünas A.Sprengerin Kəlküttədə “Nevski Aleksandr haqqında poemalar” kitabının nəşr olunduğunu, lakin bunlarda heç bir mənbənin, göstəricinin və müqəddimənin belə olmadığını təəssüflə bildirir.

Bertels Nizami əsərləri ilə bağlı araşdırmalara uzun zaman fasilə verildiyini əldə olan mətnlərin müasir tələblərdan araşdırma üçün əlverişli olmadığı ilə əlaqələndirir. 1924-cü ildə Marrın SSRİ EA Şərqşünaslıq İnstitutunun əlyazma materialları əsasında Nizami lirikasından fraqmentlər, 1934-cü ildə Y.Rıpkanın “Həft peykər” (“Yeddi gözəl”) poeması, 1935-ci ildə isə İstanbulun Aya-Sofya kitabxanasındakı əlyazmalar əsasında 25 qəzəlini nəşr etdirdiklərini, nəticədə əldə olan 650 sətrin şairin lirik şeirlərinin təhlilinə imkan yaratdığını göstərir [Бертельс,, 1962:18]. O, şairin əsərlərinin nəşri sırasında Vahid Dəstgirdinin 1935-ci ildə “Xəmsə” (6 cilddə) və lirik şeirlər divanının (7-ci cild) tam versiyada nəşrini yüksək qiymətləndirir. Nizaminin həyat və yaradıcılığı haqqında araşdırmalarını da Dəstgirdi 7 cilddə verir. Nizamişünas alim XIV-XVIII əsrlərdə İran kitabxanalarında qorunub saxlanan 30 əlyazmadan istifadə etmiş, özünəqədərki tədqiqatçıların oxuya bilmədiyi mürəkkəb hissələri öz mətnoxuma bacarığı sayəsində oxumuşdur. V.Dəstgirdinin həmçinin Berlin, Bodlean, Buxara və Kəlküttə kitabxanaları və Təbriz əlyazmalarına istinadlarını da Bertels alimin gərgin və yorulmaz elmi fəaliyyətinin uğuru kimi dəyərləndirir.

Nizami irsinin tədqiqi sahəsində Bertels şairin əsərlərinin tərcümə tarixini də nəzərdən keçirir. Şairin əsərlərinin tərcüməyə cəlb edildiyini vurğulayan alim bu tərcümələrin heç də hamısının elm üçün dəyərli ola biləcəyini qeyd edir. Onun təbirincə, Nizami əsərlərinin tərcüməsində ilk addım ingilis şərqşünaslığına aiddir. 1836-cı ildə Etkimo tərəfindən “Leyli və Məcnun” poemasının tərcüməsində müəyyən təhriflərə yol verilsə də, sonralar iki dəfə təkrar nəşr olunur. Alman şərqşünaslığında “Həft peykər” poeması şərhlərlə (K.Uilson), müxtəlif poemalardan ayrı-ayrı hissələr (İ.Hart), rus dilində “Xosrov və Şirin” (Y.Dunayevski), “Leyli və Məcnun” (A.Qloba) poemalarından bədii parçaların kamil tərcümə olmadığını alim Nizami sənətinin zənginliyi və ecazkarlığı ilə əlaqələndirir. O yazırdı: “Nizami yaradıcılığı nəinki məzmununa görə dərin və zəngindir. Nizami həm də poetik texnikanın böyük ustadıdır. Yalnız öz ustalığına görə bu böyük şairə bərabər olan tərcüməçi məna dərinliyini və formanın ecazkar vəhdətini qoruyub saxlaya bilər.

Nizami yaradıcılığını dövr, mühit və zaman konteksində araşdıran alim “XII əsr Azərbaycanda ədəbi proses” adlanan fəsildə X əsrdə Abbasilər xilafətinin tənəzzülü nəticəsində fars dilində İranda və Orta Asiyada yerli sülalələrin möhkəmlənməsi nəticəsində fars dilində ədəbiyyatın çiçəkləndiyinin, pərvəriş tapdığının Azərbaycandan da yan keçmədiyini göstərir. XI əsrdə Təbrizdə Q.Təbrizinin yaradıcılığının müəyyən məqamlarını təhlil edərkən o hələ Şəddadilər dövründə Arranda və Azərbaycanda fars poeziyasının geniş yayıldığını bildirir. Tədqiqatçı alim Şirvan ədəbi mühiti şairlərinin – Ə.Gəncəvi, İ.Şirvani, X.Şirvani, F.Şirvani, M.Beyləqani yaradıcılığını dövrün ictimai-siyasi konteksində təhlil edir, onların formalaşdığı saray mühitinin, saraylarda yaranan ədəbiyyatın səciyyəvi xüsusiyyətlərinə nəzər salır. Bertels Nizamiyəqədərki yazılı ədəbiyyat və bu ədəbiyyatı yaradanların dünyagörüşlərini, sənətkarlıq xüsusiyyətlərini Nizami ilə əlaqələndirməyə cəhd edir. Nizaminin böyüklüyünü Bertels dövrünün qeyri-adi sənətkarlıq xüsusiyyətlərini mənimsəməklə yanaşı, özünü hakimiyyətdən (saraylardan) asılı etməməkdə, poeziyaya məzmun və forma zənginliyi gətirməyində görür.

Nizaminin həyat yolundan söz açan Bertels şairin tərcümeyi-halı ilə bağlı əsas məqamları müəyyənləşdirərkən şərqşünasların ilk mənbə olaraq V.Baxerin monoqrafiyasına müraciət etdiklərini bildirir. Baxerin çoxsaylı səhvlərini Bertels alimin o dövr Azərbaycan tarixi haqqında məlumata malik olmadığı, yalnız “Xəmsə”nin əlyazması əsasında tədqiqat apardığı ilə bağlayır. Əlyazmanın üzünü köçürənin təhriflərini şairin əsl sözü olmadığının Baxerin fərqinə varmadığını isə o, fars dili və ədəbiyyatı haqqında biliyə malik olmadığı ilə izah edir. Bertelsə görə, Baxerin yolunun üstündə dayanan çətinliklərin bu gün də (Bertelsin dövrünə görə) nizamişünaslıqda həllini tapmaması XII əsr Azərbaycan tarixinin hələ də qaranlıq səhifələrinin açılmadığı ilə bağlıdır. Bütün bunları əsas götürərək Bertels nizamişünaslığın qarşısında dayanan vəzifələri də müəyyənləşdirir:

1. Nizamin yaradıcılığının digər Qafqaz ədəbiyyatı, ilk növbədə gürcü ədəbiyyatı ilə əlaqələrinin tədqiqi;
2. Nizami dövründə elmin inkişafı və vəziyyəti, müxtəlif sahələr üzrə terminologiyanın öyrənilməsi;
3. Nizami sələflərinin və müasirlərinin əsərlərinin toplanılması və tədqiqi.

Baxerdən sonra Qərbdə şairin tərcümeyi-halı diqqət çəkməmiş, İran filologiyasında Səid Nəfisi və Vahid Dəstgirdi bu mövzuya müraciət etmişlər. Hər iki tədqiqatçının əsərlərində Nizaminin anadan olduğu yer, xarakteri və şəxsiyyətinin formalaşması, ailəsi, avropalı alimlərin Nizami haqqında fikirləri, Nizami “Divan”ı və s. aydınlıq gətirilir. Bertels əksini tapan məlumatlara əsasən V.Dəstgirdinin əsərini daha etibarlı mənbə hesab edir. O, haqlı olaraq vurğulayır ki, farsca yazan orta əsrlər müəllifinin tərcümeyi-halını öyrənmək üçün tədqiqatçılar 4 əsas mənbəyə əsaslanmalıdırlar. Bunlar: 1) təzkirə; 2) tanınmış şeyxlərin tərcümeyi-halları toplanmış toplu; 3) salnamələr; 4) ədəbi əsərlərdir. Nizaminin həyatının öyrənilməsində ilk 3 mənbənin verə biləcəyi məlumatlar olduqca az olduğundan Bertels daha çox şairin əsərlərinə istinad etməyi tövsiyə edir.

Əldə olan təzkirələrdən Nizami dövrünə xronoloji yaxın olanı Arifinin 600-625-ci illərdə tərtib olunmuş “Lubub əl-əlbab” təzkirəsidir. Lakin Arifi Dehlidə İltutmuş sultanın sarayında yaşamış, orda yazıb-yaratmış, uzaq Zaqafqaziyanın ədəbi həyatı ilə bağlı heç bir məlumata malik olmamışdır. Bu səbəbdən Nizaminin ölümündən 3 əsr sonra 1487-ci ildə Dövlətşahın təzkirəsində olan məlumatların zənginliyini Bertels qiymətləndirir. Digər təzkirələr zamanca Nizamidən uzaqdır və demək olar ki, Dövlətşahın dediklərini bu və ya digər şəkildə təkrarlayır.

Tanınmış şeyxlərin tərcümeyi-hal kitablarında Nizami ilə bağlı məlumatlara rast gəlmədiyini Bertels şairin heç bir dərviş ordeninə mənsub olmaması ilə əlaqələndirir. Salnamələr də daha çox saray həyatını əks etdirdiyidən Nizami ilə bağlı burada da heç bir məlumatın olmadığını Bertels əminliklə bildirir.

Ədəbi əsərlərə gəlincə, alim göstərir ki, Nizami poemalarında özü haqqında tez-tez söhbət açır. Şairin adının müxtəlif mənbələrdə İlyas kimi təqdim edilidyi halda, Bertels “Xilafət-əl-əfkar” təzkirəsində onun adının Əhməd olduğunu göstərir. “Leyli və Məcnun” poemasında şairin öz adının “İlyas”, atasının, dayısının adları, künyəsi, Gəncədən olduğunu gətirdiyi nümunələrlə əsaslandıran alim Nəvainin də beş poemasında Nizaminin Gəncədən olduğu, bu şəhərlə bağlılığı barədə məlumat verildiyini göstərir.

Şərq və Qərb tədqiqatlarında şairin doğum tarixi ilə bağlı mülahizələri Bertels hind alimi C.Modinin müqayisəsində nəzərdən keçirir, qərbşünaslıqda təzkirələrin verdiyi məlumatlara tənqidi yanaşmadığını bildirir. Poemaların yazılma-bitmə tarixini bir-bir təhlil edən alim onun 63 yaşında – “İqbalnamə”ni bitirdikdən sonra dünyadan köçdüyünü də əlyazmasına əsasən müəyyənləşdirir.

Nizaminin anadan olduğu il mənbələrdə müxtəlif çür təsnif edilir; 1180 (Dövlətşah Səmərqəndi, İ.Hammer- Purqstal), 1190 (“Atəşgədə”), 1199/200 (Hacı Xəlifə, “Cahan-ara”), 1200 (Q.Auzli), 1201/02 (B.İvanov, Ç.Rye), 1205/06 (“Sübhi-sadiq”), 1209/10 (“Xülasət-əl-əsar”), 1200/03 (V.Baher, H.Ete) kimi müxtəlif tarixlər, həmçinin Nizaminin təhsili ilə bağlı Bertelsin fikirləri maraq doğurur. Şairin Gəncədə elmli adamlardan təhsil aldığı, müxtəlif elm sahələri − ədəbi fars dili, fiqh (hüquq), məntiq, fəlsəfə, astrologiya, coğrafiya, kosmos, riyaziyyat, kimya, tibbi dərindən bilməsini alim şairin öz dövründə ərəbcə elmi ədəbiyyatın əsaslarını bildiyi ilə bağlayır və göstərir ki, aldığı elmi biliklər onu qane etmirdi. Bertelsə görə, Nizaminin elmdən əsas tələbi insan həyatını yaxşılaşdırmaq, onun mövcud vəziyyətini yüngülləşdirmək idi.

Nizaminin bir şair kimi şöhrətlənməsini “Sirlər xəzinəsi” ilə bağlayanları Bertels haqlı saymır. Əsərin poetik texnikası aydın surətdə bildirir ki, Nizaminin ilk bədii nümunələri lirik şeirlər olmuşdur.

O, Baxerin irəli sürdüyü − “Leyli və Məcnun”u yazmağa başlayarkən artıq “Divan”ı olduğu fikrini şairin Nüsrətəddinə həsr etdiyi şeirlər və 1188-ci ildən sonra da lirik şeirlər yazdığını bildirməklə təsdiqləyir. Onun fikrincə, Nizami hələ gənclik illərindən şöhrət qazanmışdı. O, saray şairinə lazım olan hazırlığa, təhsilə malik olmuş, bu sahədə özünü sınamışdı. Sarayın qapıları onun üçün açıq olsa da, bizə məlum olmayan bəzi səbəblər onu bu şöhrətdən üz çevirməyə, fərdi azadlığını sarayın əzəmətindən üstün tutmaga məcbur edir. Bertels şairin bu qərarını iki səbəblə izah edir; əvvəla, uğur qazanan Nizami saray şairləri – rəqibləri ilə üz-üzə gəlməli idi. Yəqin ki, onlar Nizaminin şöhrətini duymuş, onları çətinliklə qazandıqları bu mövqedən uzaqlaşdıra biləcək rəqiblərini tanıyırdılar. Bertels Nizaminin ilk böyük əsərində (“Sirlər xəzinəsi”) onu sıxışdıran paxıl qocalardan təsadüfən bəhs etmədiyini göstərir:

Чем старее эти люди, тем они хуже,
Они – только звук, как «горная госпожа».
Тот, кто тебя видел грудным младенцем,
Для того твое молоко – горький яд.
У старика редко бывает справедливость к молодым,
Редко старик – благожелателен к юноше.


Nizaminin qıpçaq qızı Afaqla qanuni nikahı, oğluna nəsihətləri, Afaqdan sonra ikinci dəfə evlənməsi, daha sonra üçüncü nikahı ilə bağlı Bertels “Xosrov və Şirin” poemasından gətirdiyi nümunələr əsasında maraqlı mülahizələr irəli sürür. O, özünəqədərki tədqiqatlardan çıxış etməmiş, poemaların yazılma tarixləri ilə bağlı Ç.Rye, V.Baher, S.Nəfisi, V.Dəstgirdinin əsərlərini təhlil süzgəcindən keçirir və belə bir qənaətə gəlir ki, poema yaradıcılığına Nizaminin 40 yaşından sonra başlaması məntiqəuyğundur, belə ki, daha gənc yaşda ciddi və bəşəri problemləri düşünüb qələmə almaq qeyri-mümkündür. Nizaminin Xaqani ilə bir yerdə Həcc ziyarətinə getməsi ilə bağlı Səid Nəfisinin fikrini o, təkzib edir; Xaqaninin ikinci Həcc ziyarəti Nizaminin Afaqla evlilik illərinə təsadüf edir, əgər Nizami bu çətin və uzun səfərdə Xaqani ilə olsaydı, o zaman Afaqla bir yerdə ömür sürməmişdir.
“Leyli və Məcnun” poeması ilə bağlı Bertels göstərir ki, poemanı bitirdikdən sonra onu Şirvanşah Axsitana oğlu Məhəmmədlə göndırmək istəyən şair əslində oğlunun gələcək həyatının təmin olunmasını fikirləşibmiş. Axsitanın heç olmasa ona ömürlük təqaüd kəsəcəyi Nizaminin ən böyük ümidi idi. Lakin Axsitanın yerinə hakimiyyətə gələn oğlanları şairin ümidlərini puç edir.
Monoqrafiyada diqqət cəlb edən məqamlardan biri də Bertelsin Nizamiyə poemalarını yazmaq üçün mükafat vəd edilməsi barədə qeydlərdir. “Həft peykər” əsərinə görə mükafat alacağına sevinən şair “sifarişçinin” mövzu təklif etmədiyinə sevinir və tarixi salnamələrə baş vurur. Uzun axtarışlardan sonra Bəhram Gurun üzərində dayanır və “Yeddi gözəl”i ərsəyə gəlir. Bertels poemanı yazarkən
55 yaşında olan şairin fiziki sağlamlığının pis olduğunu, hakimiyyətdən narazılığını, özünün ədalətə, haqqa çağırışının, mübarizəsinin hədər olduğuna heyifsiləndiyini, zəmanənin ona qarşı qəddar olduğunu poemadan nümunələr gətirməklə şərh edir. Ömrünün son illərini qaraldan çətinliklər qoca şairi “ömrün çiçəklənən çağında cavan ölmək qocalığın gətirdiyi əziyyətləri yaşamaqdan daha yaxşıdır” fikrinə gətirir. Bertels göstərir ki, “doğru sözü demək üçün var-dövlətdən və mülkdən imtina edən, himayədarlarının təzyiqi altında, ehtiyac, ağır əzab-əziyyət içində, təklikdə böyük şairin həyatı sona yetdi”.
Bertelsin təbirincə, şair əsərlərini gecələr yazmışdır. Bunu o, gecələr ilham pərisinin gəldiyi üçün deyil, özünün dediyi kimi, bu saatlarda digər işlərdən azad olduğu ilə izah edir. O, Nizamini “Vis və Ramin” əsərinin müəllifi Fəxrəddin Gürgani ilə müqayisə edərək göstərir ki, Gürgani də aristokratların, hakim təbəqənin çatışmazlıqlarını görür, saray həyatının satirik təsvirini verməyə cəhd edirdi. Lakin öz oxucusuna heç bir müsbət proqram, yol təklif edə bilmirdi. Nizami isə bütün ömrünü bu ideyaların həyata keçirilməsinə sərf etmişdi; o, dağınıq fikirləri bir sistem halına salmış, onları quru əxlaqi risalələr şəklində deyil, ölməz bədii obrazlara bürünmüş şəkildə təqdim etmişdi.
Nizaminin poemalarını orta əsrlər Avropa cəngavər romanları ilə müqayisə edən alim istər məzmun, istərsə də sənətkarlıq xüsusiyyətlərinə görə bu romanları üstələdiyini yazır. Əgər orta əsrlər romançısı üçün fantastika romanın ayrılmaz bir hissəsi, möcüzələr adi və anlaşılandırsa, Nizami fantastikaya yalnız nağılı düşünülmüş şəkildə verdikdə və onun “stilistikasından” (üslubundan) istifadə edəndə müraciət edir. Bertels belə hesab edir ki, əgər Nizami poemaları orta əsrlər ədəbiyyatının səciyyəvi xüsusiyyətlərini əks etdirirsə, quruluşuna görə Avropa intibahının ən yaxşı nümunələrinə çox yaxındır. Onun təbirincə, Nizami “İnsan” sözünü ona görə böyük hərflə yazırdı ki, o özü dünyanın ən böyük insanlarından idi.
Monoqrafiyada Bertels ayrıca fəsillərdə Nizami poemalarının təhlilini vermiş, özünəqədərki tədqiqatları müqayisə edərək nizamişünaslıqda mübahisə doğuran suallara aydınlıq gətirməyə çalışmışdır. “Sirlər xəzinəsi” poemasını Bertels didaktik-fəlsəfi poeziya janrına aid edir. Nizamiyə qədər Rudəkinin bizə gəlib çatmayan “Kəlilə və Dimnə” poeması, Əbu Şükür Bəlxinin “Afərinnamə” kiçik nağılları da didaktik məzmunludur. Bertels Nizaminin poemasında irəli sürdüyü didaktik ideyalara hələ X əsrdə Təyyan, Səffar Mərqəzi, Xusrəvi, Hücəstə Sərəxsi, Ləbibi, Məərufi və Əmmərinin sufi görüşlərində rast gəlindiyini bildirir.
Nizaminin Sənainin “Hədiqətül-həqayiq” əsərindən bəhrələndiyini vurğulasa da, Bertels əsərin Sənaiyə nəzirə olmadığını, bunun Nizaminin ağlından belə keçmədiyini əsaslandırır. Belə ki, Sənai əsərini xəfif bəhrində yazdığı halda, Nizami səri bəhrində yazmışdır. Alim Nizamiyə qədər heç kimin epik lirikada səri bəhrindən istifadə etmədiyini, şairin özünün də poemasını yeni formada yazdığını göstərir:

Эту жемчужину новым метром создал.
(bu incini yeni ölçüdə yaratdım).


Dil və üslub baxımdan Bertels “Sirlər xəzinəsi”nı Nizami poemaları içərisində ən mürəkkəbi sayır və bunu şairin qarşısına qoyduğu məqsədlə əlaqələndirir. Onun fikrincə, Nizami bu poemanı yazarkən hər sətri anlamaq üçün oxucudan diqqətli və maraqlı olmağı tələb edir. Bəs Nizaminin poetik dilinin mürəkkəbliyi nədə idi? Bertelsə görə, bir çox sənətkarların dilinin çətin başa düşülməsi onların lüğətlərdən axtarıb tapdıqları nadir ifadələrdən, sözlərdən istifadə etmələri olub. Nizaminin isə lüğət tərkibi zəngindir, o, fars ədəbi dilinin leksik imkanlarından geniş istifadə edir, digər şairlər kimi söz dalınca qoşmur. Onun dilində bir sözün, ifadənin müxtəlif məna çalarlarından ustalıqla istifadəsinə rast gəlmək mümkündür.

Poemanın özündən sonra yazılı ədəbiyyata təsirini Bertels ona yazılan nəzirələrdə görür; fars dilində 42, qədim özbək dilində 2, türk dilində 2 poema Nizami yaradıcılığının təkcə türkdilli xalqlar içərisində deyil, fars ədəbiyyatına da təsirinin bariz nümunəsidir.

Şairin ikinci poeması – “Xosrov və Şirin” poemasında Şirin obrazı alimin diqqətini daha çox cəlb edir. O, Firdövsinin “Şahnamə”sindəki Şirin obrazı ilə müqayisə aparır və belə nəticəyə gəlir ki, “Şahnamə” də Şirinin Xosrova nikahlı həyat yoldaşı ola bilmədiyinin səbəbi iranəsilli olmadığıdır. Bertels tarixi obraz kimi də Şirinin İrandan olmadığı qənaətini bildirir. Nizami yaradıcılığını yüksək dəyərləndirən alim bu poemanı yazarkən də onun Firdövsidən istifadə etmədiyini vurğulayır. Lakin Şirinlə Şapurun Ərmən dağlarında görüş yerini rus dilinə “Armeniya” (Ermənistan) kimi tərcümə edən və Şapurun rahib olduğunu göstərən alim Azərbaycan tarixinin orta əsrlər, xüsusilə Sasanilər dövrü mənzərəsinə bir yanlış naxış da vurur. Sasani imperiyasının hakimiyyəti illərində albanların (azərbaycanlıların) xristian olduqları, alban monastırlarının fəaliyyət göstərdiyi və Ərmən dağlarının Azərbaycan ərazisində olması Bertelsin hadisələri Azərbaycanla bağlamadığını deməyə heç də əsas vermir. O, Xosrovun özünə Bərdədə sığınacaq axtarması, Göy gölün zəlzələ nəticəsində yaranması, Şirinin azərbaycanlı qızı olduğu və s. məqamları faktlarla təsdiqləyir və əsəri Azərbaycanla əlaqələndirir. Şirin kimi dolğun və müsbət qadın obrazının yaradılmasını Bertels böyük cəsarət sayır. O yazırdı: “Nizaminin ikinci poeması nəinki Azərbaycan, dünya ədəbiyyatında tayı-bərabəri olmayan bir əsərdir. İlk dəfə oaraq, Yaxın Şərq ədəbiyyatında insan şəxsiyyəti bütün təzadları, əkslikləri, yüksəlişi və tənəzzülü ilə təqdim olunmuşdur”.

Nizaminin ikinci məhəbbət poemasını – “Leyli və Məcnun”u Bertels “Romeo və Cülyetta” ilə müqayisə edir və “Leyli və Məcnun” mövzusunun daha geniş yayıldığını etiraf edir. O yazır ki, “Romeo və Cülyetta” ilə Avropada ya ədəbiyyat, ya da teatr vasitəsilə tanış olduqları halda, “Leyli və Məcnun” əfsanəsi Yaxın Şərq folklorundan süzülüb gəlmişdir. İki nakam sevgili obrazı erkən yaşlarından belə hamının yaxını və sirdaşına çevrilir. Poemanın dörd aya yazılıb tamamlandığını göstərən alim əsərdən çıxış edərək bildirir ki, başqa işlərə vaxt ayırmasaydı, Nizami bu sevgi dastanını 14 gecəyə bitirərdi. Poemanı yazarkən Bertels Nizaminin 3 əsas mənbəyə söykəndiyini qeyd edir: 1) İbn Küteybənin poeziya və şairlər haqqında traktatı, 2) Əbülfərəc əl-İsfahaninin “Kitab-əl-əqəni” əsəri, 3) Əbu Bəkr əl-Valibinin şərhlərilə Məcnunun şeirləri toplanmış “Divani-Məcnun”. Monoqrafiyada Bertels poemanın 62 bölməsinin ayrı-ayrılıqda geniş təhlilini verir, Nizami poemasının mənbələrdə olmayan fərqli hadisələri və motivləri şərh edir. Məsələn, Bertels göstərir ki, Nizamidə Leyli ilə Məcnun məktəbdə tanış olduqları halda, mənbələrdə dəvə otararkən (karvanda) tanış olurlar. O bunu Nizami dövründə bədəvilərin patriarxal məişətindən fərqli yaşam tərzi, şairin Məcnunu çoban kimi təsəvvür edə bilməməsi ilə bağlayır.

Nizamişünas alim şairin “Xəmsə”sinin ətraflı və geniş şərhini vermiş, özündən sonra nizamişünaslıqda silinməz iz qoymuşdur. Nizaminin poetikası və üslubu haqqında söz açmayan alim bunu şairin sələflərinin və müasirlərinin divan yaradıcılığı ilə bağlı tənqidi mətnlərini öyrənmədən yarımçıq xarakter daşıya biləcəyi ilə izah edir. Bu səbəbdən Nizaminin lirikası ilə bağlı əsərə ayrıca fəsil daxil edilməmişdir.

Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının sistemli tədqiqatçısı Yevgeni Eduardoviç Bertelsin “Nizami” monoqrafiyası nizamişünaslıqda şairin “Yüz il sonra sorsan bəs o hardadır? Hər beyti səslənər: burda, burdadır!” sualına bundan sonra da əvəzsiz və orijinal araşdırma olaraq verilən cavablardan biridir.

Nazilə Abdullazadə
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri
.