Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu.
Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib.
Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb.
Qeyd edək ki, işğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.
Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.
***
12:30
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
.