Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və media nümayəndələrinin iştirakı ilə Nəsimi rayon prokurorluğunda “Açıq qapı” günü keçirilib.

Tədbirin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmalarını təmin etmək, onların nəzəri biliklərini praktiki müstəvidə genişləndirmək və cəmiyyətdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maarifləndirməni artırmaqdır.

Tədbirin açılışında çıxış edən Nəsimi rayon prokuroru Həsən Hənifəyev qonaqları salamlayaraq, belə təşəbbüslərin hüquqşünas gənclərin peşəkar formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, eyni zamanda rayon prokurorluğunun fəaliyyəti, səlahiyyətləri və gündəlik iş prinsipləri ilə bağlı geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və cinayət təqibi fəaliyyəti barədə geniş təqdimatla çıxış edib. O, həmçinin vurğulayıb ki, prokurorluq orqanlarında aparılan islahatların mərkəzində şəffaflıq, aşkarlıq və vətəndaş məmnunluğunun təmin olunması dayanır.

Tədbirdə həmçinin peşəkar prokurorluq əməkdaşları da çıxış edərək, öz sahələrində təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.

İştirakçılar kriminalistik avadanlıqlarla tanış olub, onların istintaq prosesində tətbiqi barədə ətraflı məlumat əldə ediblər.

Sonda iştirakçılar prokurorluğun inzibati binası ilə tanış olub, onlara iş şəraiti və praktiki fəaliyyət barədə əyani məlumat təqdim edilib.

.