Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.06.2024 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

Yenizaman-ın ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 63,8% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.03.2024 tarixinə - 66,4%) ilə 2,6 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 18,6%-i "AA" reytinqli, 10,3%-i "A" reytinqli, 7%-i "BBB" reytinqli, 0,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 20,5%-i 0-1 il (0,5 faiz bəndi azalma) 27,1%-i 1-3 il (0,2 faiz bəndi artım), 24,3%-i 3-5 il (1,2 faiz bəndi artım), 28,1%-i isə 5 ildən artıq (1,1 faiz bəndi artım) müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Bununla yanaşı, ARDNF 30.06.2024 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
İnkişaf etmiş ölkələr üzrə bu göstərici 65,3% (ilin birinci rübünün sonuna olan göstərici ilə müqayisədə 0,3 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 12,3% (1,5 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,6% təşkil edib (0,4 faiz bəndi azalma). Sərmayələrin qalan 14,8%-i qızılın payına düşüb (1,6 faiz bəndi artım).
Qeyd etmək lazımdır ki, 31.03.2024 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 65%, 13,8%, 8% və 13,2% səviyyəsində olublar.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 931,5 mln. dollara çatıb.

.