"Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik".

Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir”.

Prezident vurğulayıb ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

Azərbaycan Prezidenti: “Ermənistanda müharibədə ölənlərin ailələrinin birinə də bir mənzil verməyiblər”

“Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”.

Bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində söyləyib.

“Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
 

.