İqtisadiyyat və Sənaye Nazirliyi sement istehsalı ilə məşğul olan müəssisələrdə yoxlamalara başlayıb.
Bu barədə yenizaman.az-a nazirlikdən məlumat veriblər.
Xəbərdə deyilir ki, nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Digah qəsəbəsində fəaliyyət göstərən "Tur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehlakçıların aldadılması faktını aşkarlayıb. Belə ki, 400 markalı sementin qablaşdırılması üzərində yalan məlumatlar yazıldığı bəlli olub. Yoxlama zamanı bu sementlərin etiketində xalis çəki 50kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu müəyyənləşdirilib.
Bundan əlavə, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə olunduğu müəyyən edilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar "Tur-M” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
.
