NATO-nun Əməliyyatlar üzrə Birgə Qüvvələr Komandanlığı Arktika və Uzaq Şimalda müttəfiqlərin hərbi mövcudluğunun koordinasiyasına və gücləndirilməsinə yönəlmiş "Arctic Sentry" missiyasının başladığını elan edib.
Bu barədə NATO məlumat yayıb.
Yeni missiya NATO ölkələrinin regionda artan fəaliyyətlərini vahid əməliyyat konsepsiyasında birləşdirəcək. Söhbət çoxsahəli təlimlər və əməliyyatlardan, o cümlədən Danimarkanın "Arctic Endurance" təlimlərindən və müttəfiq bölmələrinin artıq gəlməyə başladığı Norveçin qarşıdan gələn "Cold Response" manevrlərindən gedir.
NATO-da qeyd edilib ki, missiyanın başlanması Rusiyanın hərbi fəallığı və Çinin regiona artan marağı fonunda alyansın Arktikada təhlükəsizliyə artan diqqətini əks etdirir. Ötən ay Davosdakı görüşdə ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte razılaşıblar ki, alyans regionun müdafiəsində daha fəal kollektiv rol oynamalıdır.
Missiyaya məsuliyyət zonası artıq bütün Arktika regionunu əhatə edən NATO-nun Norfolkdakı Birgə Qüvvələr Komandanlığı (JFC Norfolk) rəhbərlik edəcək. Alyans həmçinin fəaliyyətlərini NORAD, eləcə də ABŞ-nin Şimal və Avropa komandanlıqları ilə əlaqələndirmək niyyətindədir.
