Sentyabrın 14-də ABŞ senatında keçirilən dinləmələrdi anti Azərbaycan çıxışları və ABŞ dövlət departamentinin xüsusi nümayəndəsi bölgəyə səfərinin şahidi olduq.Bu məsələni şərh etmək üçün Yeni Zaman Partiyasının sədri Musa Ağayevə müraciət etdik.

Musa müəllim, ABŞ senatında dinləmələr zamanı biz bir çox senatorların və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin anti Azərbaycan çıxışlarının və ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Lui Bononun bölgəyə səfərinin arxasında nə durur?

Çox güman kı, Lui Bononun Bakıda bağlı qapılar arxasındakı dedikləri Vaşinqton və Bakı arasında Senatda 2 gün qabaq baş tutan çıxışdakı qərəz ab-havasını yumşaltmadı, əksinə daha da möhkəmlətdi. 

Prinsip etibarilə, iki gün qabaq ABŞ Dövlət Departamentinin köməkçisi Y. Kimin "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. 
Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi. Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı. 

ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. 

ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. 

ATƏT MQ-nin həmsədri kimi ABŞ heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər.  Bu təşkilat və onun həmsədrlərindən biri olan  ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verildi. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar.  Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi. 

ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və İslamı “sivil dünyanın” əsas düşməni elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmədi, həm də müsəlman ölkələrini hədəfə götürdü. “Ərəb baharı” ssenarisinin reallaşdırılması nəticəsində Yaxın Şərq ölkələrində hakimiyyətlər devrildi, vətəndaş qarşıdurmalarına rəvac verildi. Bu ssenarinin mümkün olmadığı İraq, Liviya kimi ölkələr isə təcavüzə məruz qaldılar.  

İraqın guya “nüvə silahına” malik olduğu görüntüsü yaradaraq bu ölkəyə təcavüz etdilər, nəticədə bir milyon iraqlı öldü, şəhər və kəndlər dağıdıldı, ölkənin milli sərvətləri nəzarətə götürüldü və hazırda da talan edilir. Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada başlanmış vətəndaş qarşıdurması  hələ də səngimək bilmir. Yaxın Şərqdə milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi və bu problemin hələ uzun illər davam edəcəyi reallığı Amerikanın Şərqə gətirdiyi “demokratiyanın” nəticəsidir. 

İndiyədək müsəlmanların işgəncələri və öldürülməsi ilə tanınan  biabırçı Əbu-Qreyb, Quantanamo qalmaqallarına görə məsuliyyət daşıyan ABŞ bu gün özünü “insan haqlarının havadarı” kimi təqdim edir.

Dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır. Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib. 

Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı.

ABŞ Azərbaycanı “suriyalaşdırmağa” cəhdlər edib, ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb.

44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. 

Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır. 

Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya  müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. 

Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. 

Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının şahidi olduq – 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı. 

Faktiki olaraq  bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir.
ABŞ-ın bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Bu siyasət heç kimə xeyir gətirməyəcək. Azərbaycana öz ərazisində yaşayan erməni azlıqla reniteqrasiya prosesinə maneə yaradılır, Ermənistan isə “ikinci Ukrayna”ya çevrilir. Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ bu gün faktiki olaraq Ukraynanı qurban verib. Ukraynanın qurban verildiyi bu müharibədə ABŞ  böyük pullar qazanır, LNG (mayeləşdirilmiş təbii qaz) ilə Avropanın qaz bazarını tamamilə nəzarətə götürür. Ekologiya üçün ziyana görə, az qala, qara kömür qədər təhlükəli olan LNG Avropa bazarında üstünlük təşkil etməyə başlayıb, amma indiyədək heç bir ekoloji təşkilat, ekofəallar və s. buna etiraz səsini qaldıra bilmir.

ABŞ-ın Ukraynanı sürüklədiyi vəziyyət 2008-ci ildə Gürcüstandakı müharibəni xatırladır. Onda da M.Saakaşvilini Rusiya ilə müharibəyə təhrik edən ABŞ sonra onun arxasından çəkildi. 

ABŞ Türkiyəni “ikinci Suriya”ya çevirməyə cəhd edib və 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETO təşkilatının əli ilə çevrilişə cəhd göstərib. Yalnız Türkiyə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən xilas ola bilib. Amma bu gün də Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatları birbaşa ABŞ-dan təlimat, silah və maliyyə alır.

Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və kimin nə deməsindən asılı olmayaraq biz haqq yolumuzdan dönməyəcəyik. 3 il əvvəl olduğu kimi, bu dəfə də zəfərdə yanımızda kimlərin olmasına baxacayıq. Regionda geosiyasi maraqları olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etsinlər”.

S.Əliyeva

.