YZP sədri Musa Ağayev Ermənistandaki son vəziyyəti şərh edib.
Heç kimə sirr deyil ki, Ermənistan problemlər içərisində çapalayır. Yaxın qonşularla problemlər və iqtisadiyyatda yaşanan gərginlik, bir tərəfdən də koronavirus pandemiyası faktı Ermənistanın bir ölkə kimi gələcəyini şübhə altına alır. Uzun illərdir davam edən belə ağır çətinliklərin fonunda küçənin dəstəyi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkəni iqtisadi-siyasi böhrandan çıxara bilmir. Ölkə daxilində baş verən son gərginlik də baş nazirin Ermənistanın daxili və xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərir. Küçədən hakimiyyətə “hoppanmış” Nikol Paşinyanın populist siyasəti ölkədaxili siyasi atmosferi daha da pisləşdirməkdədir. Kökündən yanlış daxili və xarici siyasətin ümidsiz girovlarına çevrilmiş sıravi ermənilərə yaxşı həyat vəd edən N.Paşinyan keçmiş hakimiyyətin qruplaşmaları ilə üz-üzə qalaraq, vədlərini yerinə yetirməkdə çətinlik çəkməkdədir. Görünən budur ki, işğalçılıq siyasətinin əsarətində olan köhnə-yeni erməni siyasi elitası və şəxsən N.Paşinyan Ermənistanı düşdüyü bəlalardan və yaxşı heç nə vəd etməyən gələcəkdən uzaq tutmağa nə siyasi iradələri, nə də potensial imkanları var. Artıq reallığı anlamağa başlayan erməni mütəxəssisləri belə N.Paşinyanın siyasətinin gələcəyini şübhə altına alırlar. Bu gün Ermənistanda köklü problemlər həllini gözləyir, amma baş nazirin bu problemlərin həlli ilə bağlı hər hansı bir işlək qərarlar qəbul etməməsi erməni ictimaiyyətinin narazılığını getdikcə gücləndirir. Paşinyanın aydın və dəqiq iqtisadi planlarının olmaması hətta erməni əsilli iqtisadiyyatçıların da rəsmi İrəvandan uzaq durmalarına səbəb olur.
Baş verən bütün bu problemlərə yanaşı iyunun 8-də Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun baş qərargah rəisi, general-leytenant Artak Davtyan və polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktubları ilə prezident Armen Sarksyana müraciəti artıq Paşinyan hökumətinə qarşı ciddi təzyiqlərin olmasından xəbər verir. Nəzərə alsaq ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan cəmi 3 ay bundan əvvəl vəzifəyə təyin olunmuşdu və belə qısa müddətdə baş verən dəyişikliklər onun göstəricisidir ki, Paşinyan hökumətinə olduqca ciddi təzyiqlər var. Hamı bilir ki, bu hökumət monolit deyil və bu təzyiqlər heç də Ermənistanın daxili siyasəti ilə də bağlı deyil.
Ermənistan hakimiyyətində istefalarla yanaşı müxalifətin də son zamanlar aktivləşməsi xüsusilə diqqət çəkən məqamlardandır. Bildiyimiz kimi, Ermənistanda ən böyük oliqarxlardan biri Çiçəklənən Ermənistam Partiyasının sədri Qaqik Tsarukyandır. Bu partiya həm də parlamentdə ikinci böyük fraksiyadır və bu fraksiya birmənalı şəkildə Paşinyanın bütün komandası ilə birlikdə istefaya getməsini açıq-aşkar tələb edir. Demək olar ki, Paşinyana hər fürsətdə meydan oxuyur.
Artıq xatırladım ki, parlamentdə çoxluğa malik olan baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku dünən “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri və eyniadlı fraksiyanın lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsinə və həbsinə icazə verilməsinə dair baş prokurorun təqdim etdiyi vəsatətlərin lehinə səs verib .
Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və bu fonda baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxartmaq üçün müxtəlif bəhanələr uydurması ölkədə vəziyyəti daha da ağırlaşdırmaqdadır. İqtidara gəldikdən etibarən özünün sözləri ilə desək “xalqın namizədi” sistematik olaraq Ermənistanın hökumət institutlarını parçalamağa və məhv etməyə başladı. Ölkədəki yeni-köhnə siyasi elitanın qarşıdurması onsuz da zəif olan dövlət idarəçiliyini iflic vəziyyətinə aparır. Qonşu ölkələrlə münasibətlərini hələ də normal qaydaya sala bilməməsi, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün aydın proqrama və potensiala malik olmaması N.Paşinyan hökumətinə olan etibarı zəiflədir. Ermənistan mətbuatı da artıq jurnalist -baş nazirin reallıqlıqlara adekvat reaksiya verə bilməməsindən gileylənir.
Günümüzün reallığı kimi meydana çıxan beynəlxalq münasibətlər sistemindəki gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, dözümsüzlük və humanitar böhran, eləcə də pandemiya Ermənistanda mövcud vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı heç də sakit günlərin gözləmədiyini deməyə əsas verir.

.