Bunu mətbuata açıqlamasında Yeni Zamana partiyasının sədri Musa Ağayev deyib.

Bəşəriyyətin artıq tam əminliklə 3-cü Dünya müharibəsi kimi adlandırdığı koronavirus mücadiləsi davam etməkdədir. Həqiqətən, insanlıq 2-ci Dünya savaşından sonra hələ belə böyük fəlakətlə, qorxunc gözəgörünməz düşmənlə üz-üzə qalmamışdı. Problem həm də ondadır ki, COVİD-19 təkcə can almır, həm də ölkələrin yaşam potensialını sarsıdır, milli iqtisadiyyata və bütövlükdə qlobal iqtisadiyyata ağır zərbələr vurur. İş yerləri kütləvi şəkildə bağlanır, fərdlərin, ailələrin gəlirləri azalır.

Bu isə artıq ayrı-ayrı dövlətlərin deyil, bütün ölkələrin, bəşəriyyətin problemidir və çevik qərarlar qəbul edilməsini, təsirli tədbirlər görülməsini diktə edir. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin ayrı-ayrılıqda hərəkət etməsi əvəzinə vaxt itirmədən pandemiyaya qarşı birgə və zəruri addımlar atması, effektli “Yol xəritəsi” işləyib hazırlamasıdır.  

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu yöndə öz potensialının yaratdığı imkanlardan artıq səylər göstəməkdədir ki, bu da istər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də ayrı-ayrı ölkələr tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur və başqa ölkələrə örnək kimi göstərilir. Dünya, COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülməsinə və əməli addımlar atılmasına şahidlik etməkdədir. 

İndi hamı anlayır ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Azərbaycanın praqmatik və məqsədyönlü siyasəti  sübut etdi ki, Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.   

 Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər.  Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Qlobal güclərin bu uğursuzluğu fonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşü keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilk beynəlxalq təşkilat idi ki, dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə Görüşü keçirirdi. Ardınca Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Xatırladım ki, tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bunula bərabər Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

 Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Bu gün Azərbaycan tərəfi də ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Çünki yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Prezident İlham Əliyevin irəli sürdüyü və QH-ya üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.

Əminəm ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Ona görə də hesab dirəm ki, ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndiriləcək. Fikrimcə siyasi əqidəsindən asılı olmayaraq Azərbaycanda bütün siyasətçilər bu təşəbbüsü dəstəkləməlidir.
 

.