Moskvada naməlum şəxs yaşayış binasında atəş açaraq Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi yaralayıb.

Bu barədə Rusiya mətbuatı İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, istintaq orqanları tərəfindən şəxsiyyəti müəyyən edilməmiş kişi Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Atəş arxadan açılıb. Vladimir Alekseyev xəstəxanaya yerləşdirilib. Atəş açan kişi axtarılır.

Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, qatil general-leytenantı Volokolamsk şossesindəki yaşayış binasının yanında gözləyib. Cinayət işi qətlə cəhd (RF CM-in 105-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi) və silahın qanunsuz dövriyyəsi (222-ci maddənin 1-ci hissəsi) maddələri ilə başlanılıb.

Qeyd edək ki, Vladimir Alekseyev Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir. 2017-ci ildə Alekseyev "Rusiya Qəhrəmanı" adına layiq görülüb.

.