Müxtəlif beynəlxalq təşkilatlarda çalışan bir qrup vətənpərvər həmyerlimiz tərəfindən aztəminatlı şəhid və qazi ailələrinə, ehtiyacı olan insanlara davamlı dəstək olmaq məqsədilə ABŞ-da yaradılmış “For Azerbaıjan” təşkilatı Azərbaycanda Miqrasiya Könüllüləri ilə tərəfdaşlıq fəaliyyətinə başlayıb.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, ilk və yeni layihə çərçivəsində miqrasiya könüllüləri müraciət əsasında bir qrup aztəminatlı şəhid və qazi ailələrinin ehtiyacları ilə tanış olub və onlara zəruri ərzaq məhsullarının alınması və çatdırılması istiqamətində kömək göstəriblər. Təyin edilmiş 12 ailəyə layihə boyunca altı ay müddətində aylıq 300 manat məbləğində ərzaq təminatı həyata keçiriləcək. Bundan əlavə, həmin insanların məişət avadanlığı təminatının yaxşılaşdırılması istiqamətində birgə həyata keçiriləcək bir sıra fəaliyyətlər nəzərdə tutulub.

Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə tərəfdaş olan “For Azerbaijan” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların ianələrini cəmləyərək Azərbaycanda ən həssas ehtiyacları olan vətəndaşlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyin təminatına xidmət edir. Təşkilatın idarə heyətinin sədri Beynəlxalq Valyuta Fondunun sədrinin baş müşaviri Samir Süleymanovdur.

.